DSMF-nin vəzifəli şəxslərin məhkəməsi başlayır

29.12.2020 12:41     Sosreaksiya     340

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Reaksiya.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan əlavə, Elçin Ələkbərovun ayrı-ayrı şəxsləri aldadaraq ümumilikdə 39 min 361 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə, öz qulluq mövqeyindən istifadə etməklə vətəndaş Əbülfəz İbrahimov və digərləri ilə birlikdə 22 nəfərə məxsus cəmi 58 min 300 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Ələkbərova, eləcə də qeyd edilən digər şəxslərlə birlikdə cəmi 7 nəfərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 311.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Cinayət işi üzrə aparılan istintaq zamanı vurulmuş 230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manat hissəsinin ödənilməsi təmin edilmişdir.

Reaksiya.az

Şərhlər