ÜST “Pfizer”/“BioNTech” peyvəndinin yaşlı xəstələrdə ölümə səbəb olması haqda iddialara münasibət bildirib

22.01.2021 14:29     Sosreaksiya     388

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitəsi “Pfizer”/“BioNTech” peyvəndinin (BNT162b2) yaşlı xəstələrdə ölümə səbəb olması ilə bağlı iddialara münasibət bildirib.

Reaksiya.az-ın ÜST-ün saytına istinadən verdiyi xəbərə görə, Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitə yanvarın 19-da bu məsələ ilə bağlı virtual formatda müzakirələr keçirib. 

 

Avropa Dərman Agentliyindən (EMA) və Uppsala Monitorinq Mərkəzindən onlayn görüşə dəvət olunmuş mütəxəssislər, BNT162b2 ilə peyvənd edildikdən sonra Avropada və ÜST-ün qlobal məlumat bazasında qeydə alınan ölümlərin icmalını müzakirə ediblər.

Qeyd olunub ki, yaşlı insanların ölüm hallarında gözlənilməz və ya qeyri-müəyyən bir artım və ya BNT162b2 tətbiqindən sonra mənfi hallar qeydə alınmayıb: “Mövcud məlumatlar ölümlə nəticələnən hadisələrdə peyvəndin hər hansı təsirini təsdiqləmir. Bu baxımdan, komitə, BNT162b2-nin fayda-risk balansının yaşlılarda əlverişli olduğunu düşünür və hazırda bu peyvəndin təhlükəsizliyi ilə bağlı tövsiyələrə yenidən baxılmasını təklif etmir.

Ölkələr peyvəndlərin təhlükəsizliyini izləməyə davam etməlidir. Komitə şübhəli hallara dair məlumatların - milli, regional və qlobal şəkildə toplanaraq nəzərdən keçirilməsini tövsiyə edir”.

Qeyd edək ki, yanvarın 14-də Norveç Dərman Agentliyi ölkədə COVID-19 peyvəndi vurulduqdan sonra ən azı 23 nəfərin ölümü barədə məlumat yayıb. Ölənlərin yaşlı şəxslər olduğu bildirilib.

Reaksiya.az

 

Şərhlər