Ombudsman Metsamorla bağlı bəyanat yaydı - Bütün bölgə üçün ciddi təhlükədir

27.01.2021 13:19     Sosreaksiya     656

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Babayeva Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanatı yayıb.

Reaksiya.az bəyanatın mətnini oxuculara təqdim edir:

"Bu yaxınlarda Ermənistan Parlamentində Metsamor AES-in radioaktiv tullantılarının hərbi məqsədlər üçün istifadəsi ilə bağlı aparılan müzakirələr bizi ciddi narahat edir. Parlamentin Regional məsələlər və Avrasiya İnteqrasiyası daimi komitəsinin iclasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Metsamor AES-də xeyli miqdarda radioaktiv tullantı, həmçinin "sənaye tullantıları" kimi təsnif olunmayan radioaktiv yanacaq istehsal etdiyini söyləyib.

Bundan əlavə, Ermənistanın təxminən 30 ildir işğal altında olan torpaqlarımızı radioaktiv şəkildə çirkləndirməsindən də narahatlıq hissi keçiririk. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun şöbə müdirinin sözlərinə görə, Metsamor AES-in tullantıları Azərbaycanın Ağdərə və Kəlbəcər rayonlarının ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur.

Müddəti bitmiş Metsamor AES yalnız Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meyilli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır.

Beləliklə, bölgənin bütün ölkələri Çernobıl və Yaponiyanın Fukusima Atom Elektrik Stansiyalarının aqibətini yaşamaq təhlükəsi ilə üz-üzədirlər.

Bir sıra beynəlxalq təşkilatlar da Metsamor AES ilə bağlı narahatlıqlarını vurğulayıblar. AB Komissiyası sədrinin müavini Federica Mogherini dedi: “AB Metsamor Nüvə Elektrik Stansiyasının (MNPP) yaratdığı risklərdən tam xəbərdardır. Bu səbəbdən, MNPP-nin sürətli bir şəkildə bağlanması və istismardan çıxarılması AB və Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı üçün əsas hədəf olaraq qalır. Çünki bu elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab verəcək şəkildə təkmilləşdirilə bilməz.”

Ancaq belə görünür ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə onun fəaliyyətini 2026-cı ildən sonraya uzadıblar.

Metsamor AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırıram."

Reaksiya.az

Şərhlər

Çox oxunanlar