Ermənilərin məhkəməsi: işgəncə verilən şəxs ifadə verdi

09.06.2021 14:05     Sosreaksiya     307

İbtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib.

Reaksiya.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları, Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində keçirilən məhkəməsində çıxış edən prokuror bildirib.

Daha sonra prosesdə təqirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib.

Prosesdə ifadə verən zərərçəkmiş Qərib Vəliyev bildirib ki, Lüdvik Mkrtçyan ona qarşı amansız işgəncələr verib:

“1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər.

Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilindən tərcüməçi kimi iştəyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Yaxınlaşıb, məni dizi ilə vurub başıma torba keçirdi və başladı amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müalicə olunmuşam”.

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqda Lüdvik Mkrtçyan onu tanıyıb:

“Birinci dəfə üzləşmədə salam verdim, məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

Reaksiya.az

Şərhlər