Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi

14.06.2021 15:52     Sosreaksiya     102

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar "Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu" devizi altında "Sürəyənlər" velosiped qrupu Bakıdan Abşeron milli parkına yürüş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Abşeron milli parkının və "Sürəyənlər" velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda ekoloji turizmi təbliğ etməkdir.

Həftə sonunu Abşeron Milli Parkında keçirən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir. Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar