Süpürgəçinin ölümü ilə bağlı cinayət işi açıldı

01.07.2021 11:38     Sosreaksiya     293

İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyevanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Reaksiya.az-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olmuş, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Reaksiya.az

Şərhlər