Rusiya Qarabağda bunu bacarmırsa, desin... - Hulusi Kılıç

14.07.2021 14:11     Sosreaksiya     530

Erməni terrorçularının dünən gecə saatlarında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindən Şuşaya atəş açmasını şiddətlə qınayırıq. Bu fəaliyyətlər 10 noyabr bəyanatına tamamilə ziddir.

Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, belə təxribat hallarının qarşısınının alınması Azərbaycan ərazisində fəaliyyət göstərən rus sülhməramlılarının birbaşa vəzifəsidir:

“Rus sülhməramlılarından öz vəzifələrini yerinə yetirmələrini gözləyirik. Əgər vəzifələrini yerinə yetirə bilmirlərsə, bunu açıq şəkildə ifadə etsinlər. Ondan sonra Azərbaycan 10 noyabr bəyanatından çəkilə və öz işini özü görə bilər. Azərbaycan 44 günlük Vətən müharibəsində sərgilədiyi gücü ilə bunu sübut etdi. Rusiya dövlətinin də məsul şəxslərinin vəzifələrini yerinə yetirmələri lazımdır. Rusiya dövləti Ermənistana belə təxribatçı əməllərə görə sərt şəkildə xəbərdarlıq etməlidir”.

Keçmiş səfir Ermənistanın hər dəfə bu təxribatlarla 10 noyabr bəyanatını pozduğunu, rus sülhməramlılarının isə öz vəzifələrini yerinə yetirməmələrinin Rusiya dövlətinin də etibarına, nüfuzuna beynəlxalq aləmdə böyük zərbə vurduğunu bildirib:

“Dünyada sülhməramlı qüvvələrin vəzifələri beynəlxalq hüquqa görə bəllidir. Əgər öz vəzifələrini yerinə yetirmirlərsə, onda onların sülhməramlı statusu ortadan qalxır, bitərəfliyi itir”.

Hulusi Kılıça vurğulayıb ki, Azərbaycan ərazisində hələ də erməni silahlılarının qalması qəbuledilməzdir. Rusiya Türkiyə və Azərbaycanın tərəfdaşı kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“Bizim bu təxribat fəaliyyətlərini qəbul etməmiz mümkün deyil. Ortada Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı bir bəyanat var. Bəyanatın şərtləri bəllidir. Rus sülhməramlıları da bəyanat əsasında Azərbaycana gəlib və onlar bəyanatın şərtlərini yerinə yetirməlidirlər. Qarabağda Ermənistana tabe silahlı erməni dəstələri ola bilməz. Çünki ora Azərbaycanın ərazisidir, Xankəndi və ətrafında yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Rusiya böyük dövlətdir, həm də Türkiyə və Azərbaycana tərəfdaşıdır. Buna görə üzərinə götürdüyü hüquqi öhdəliklərini yerinə yetirməlidir. Əgər sözügedən öhdəliklər yerinə yetirilməsə, o zaman bölgədə sülh təhlükə altına düşəcək.

Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə əməl etməməsi Azərbaycanı da hüquqi məsuliyyətdən azad edir. Azərbaycan məsələnin sülh yolu ilə həllini istəyir və bütün hallarda özünü, öz haqlarını müdafiə etməyə qadirdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar