"Abutalıbov işdən çıxarılsa da, faktiki rəhbər idi" - Bakının sabiq başçısı məhkəmədə dindiriləcək

30.08.2021 15:01     Sosreaksiya     674

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün keçirilən məhkəmə prosesi ötən dəfə yarıda qaldığı hissədən- Rasim Quliyevin sərbəst ifadə verməsi ilə davam etdirilib.

Rasim Quliyev ifadəsinin davamında söyləyib:

"Mən nə maddi maraq güdməmişəm, nə də kimdənsə pul almamışam. Bunu sübut edən bir dənə də fakt yoxdur. Bu işdə adı keçən tikinti şirkətinin rəhbəri Tamella xanımı ilk dəfə burada, məhkəmədə görəcəm. Mən İncili, Tövratı və Qurani-Kərimi oxumuşam. Allah şahididir ki, bir nəfərdən pul almamışam.

Bu sənəd 2012-ci ildə imzalanıb. Tikinti şirkətinin rəsmiləri 6 ildən çox icra hakimiyyətinə gəlib-gedib. Bu şirkətin vəzifəli şəxsləri kimlərəsə pul veribsə, bundan 2018-ci ilə nə gəlib çatacaqdı?

Rasim Quliyev ifadəsinin davamında göstərib ki, aparat rəhbəri olan zaman narazı vətəndaşların qəbulunu şəxsən üzərinə götürüb. O deyib ki, şikayətə gələn vətəndaşlar ən çox narazılığını Bakı Şəhər Baş Memarlıq İdarəsindən edirmiş".

Rasim Quliyev bunu ona görə xatırladıb ki, idarədən narazıdır:

"Mənə təqdim olunan, imzaladığım sənədləri bu idarə verib. Bu qədər narazılığın, şikayətin olduğu bir idarə gətirib.

Baş memar Akif Abdullayev mütləq məhkəməyə gəlsin. Mənim ona suallarım var. Onun vətəndaşların arxasınca dediyi bir söz var idi. Vətəndaşı yola salırdı, deyirdi ki, qoltuğuna qarpız verib yola saldım. Gəlsin və indi suallarıma cavab versin".

Rasim Quliyev əlavə edib ki, İcra Hakimiyyətində heç zaman başçı müavini vəzifəsini icra etməyib:

"Mənim müavin vəzifəsini icra etməyimlə bağlı hər hansı bir rəsmi sənəd yoxdur. Heç bir əmək müqaviləsi yoxdur, ərizəm alınmayıb.

Mənim müavin təyin olunmağım Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yox, cənab prezidentin səlahiyyətindədir.

Mənə nazir müavini vəzifəsi yox, nazir müavini vəzifəsinin yükü ötürülüb.

Mən baş nazirin müavini işləyən Hacıbala Abutalıbova müraciət etmişəm. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olanda məktub göndərərək başçının müavini vəzifəsini icra etməyimin düzgün olmadığını qeyd edib.

Hacıbala Abutalıbov sonra özü Ramiz Mehdiyevə məktub yazaraq yol verdiyi səhvə görə üzrxahlıq edib. Bundan sonra Hacıbala Abutalıbov mənə bu işi icra edə biləcəyimi "şifahi" olaraq bildirdi, amma mən bunu qəbul edə bilmədim.

Mən bu işdə özümü müdafiə etmirəm. Müdafiə olunmaq kimi bir mövqeyim yoxdur. Mənim mövqeyim, məqsədim budur ki, ortada bir cinayət varsa, üstü açılsın, təqsiri olan şəxslər cəzalandırılsın.

Mənim imzaladığım sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olmuş Eldar Əzizov tərəfindən imzalanan sərəncamla ləğv edilib. Ona görə ki, mən həmin sərəncamı imzalamaq səlahiyyətim olmayıb. Belə olan halda, sərəncam vermək səlahiyyəti olmayan bir şəxs hansı vəzifə səlahiyyətlərini aşa bilər?

Başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Söhbəti gedən 141 saylı tarixi binaya zərər vurulmasına görə mənə ittiham irəli sürülüb. Amma onun yanındakı 145 saylı bina tam sökülüb, yerində yeni bina da inşa edilib. Həmin bina Azərbaycanın tarixi abidələri siyahısından çıxarılmayıb. Prokurora, burada olan digər rəsmi qurumların nümayəndələrinə sual verirəm, niyə həmin bina ilə bağlı araşdırma aparmayıb? Bina tamamilə yox edilib, amma tarixi abidələr siyahısında hələ də adı var.

Mən sərəncamı imzalyanda həmin şirkət tərəfindən 4 mərtəbə inşa edilmişdi. Mən sərəncamı imzalayanda onsuz da həmin tikinti var idi. 4 ay sonra mənim sərəncamım ləğv edilib. Belə olan halda mən kimə, hansı yolla zərər vurmuşam? Burada ziyan nədir?

Mən həmişə dövlətə, dövlətçiliyə, Ali baş komandana xidmət etmişəm. Bundan sonra da xidmət edəcəm. Dövlətə xidmət etmək üçün vəzifə lazım deyil. Bundan sonra da xidmətimi davam etdirəcəm".

Hakim Faiq Qəniyev xatırladıb ki, təqsirləndirilən şəxsin adını çəkdiyi şəxslər məhkəməyə dəvət ediləcək, dindiriləcək. Onun adını çəkdiyi, suallar ünvanladığı rəsmi qurumlar həmin sualları cavablandıracaq, öz suallarını da verəcəklər, məsələlər araşdırılacaq.

Rasim Quliyev ifadəsinin davamında Hacıbala Abutalıbovun vəzifəsindən çıxarılsa da, Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq rəhbərlik etdiyini deyib.

İfadəsinin davamında R.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

"Mən özümü qətiyyən günahkar bilmirəm. Barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm. Mən daima hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazıram. Barəmdəki həbs qətimkan tədbiri dəyişdirilsin. Məhkəməyə evimdən də gedib-gələ bilərəm".

Sərbəst ifadəsini bitirən Rasim Quliyev daha sonra prokurorun suallarını cavablandırıb.

Prokuror Rasim Quliyevdən nə zaman və necə icra başçısının müavini təyin edilməsi məsələsini dəqiqləşdirib.

Rasim Quliyev belə cavab verib: "Bu sərəncamı 2017-ci ilin 20 sentyabrında Hacıbala Abutalıbov imzalayıb. Amma onun məni müavin təyin etmək səlahiyyəti yox idi. Mənə ancaq nazir müavini səlahiyyətləri həvalə edilib. Bu sərəncam da müvəqqəti olaraq verilmişdi".

Prokuror soruşub: "Hacıbala Abutalıbov baş nazirin müavini olduqdan sonra sizə əlavə vəzifələr, səlahiyyətlər verildimi?"

R.Quliyev ona əlavə səlahiyyətlər verilmədiyini deyib. O bildirib ki, burada mübahisəli və qüsurlu yeganə məsələ Hacıbala Abutalıbovun sərəncamıdır: "Mən icra başçısının müavini idimsə, bu səlahiyyəti icra edirdimsə, niyə müavin maaşı almırdım?".

Prokuror: "Siz Hacıbala Abutlaıbov baş nazirin mavini təyin edildikdən sonra icra başçısı vəzifəsini icra etmisiniz?".

Rasim Quliyev: "Mən heç başçı müavini vəzifəsini icra etməmişəm ki, başçı vəzifəsini də icra edim. Mən aparat rəhbəri vəzifəsini icra etmişəm".

Məhkəmə araşdırması davam edir.

İş üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.

Reaksiya.az

Şərhlər