İşçi qrupu Azərbaycanla İran arasında razılaşmaların reallaşmasına nəzarət edəcək

29.11.2021 12:14     Sosreaksiya     254

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV sammitində İran prezidenti İbrahim Raisi Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündə Qafqaz regionunda, əsasən Azərbaycanda ABŞ və İsrailin fəallığının artmasından narahatlğını bildirib.

İRNA bildirir ki, İranın Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladan Raisi deyib: “Biz regionda təhlükəsizliyin olmamasına və region ölkələrinə xarici müdaxilənin olmasına yol vermirik, qiyama və xarici müdaxiləyə yol bağlıdır”.

Regionda təhlükəsizliyin olmaması və əcnəbilərin mövcudluğu ilə bağlı narahatlığını ifadə edən İran prezidenti deyib: "İŞİD və sionist terrorizmi regionda təhlükəli iki faktordur və onlara qarşı çıxmaq vacibdir”.

İranla Azərbaycan Respublikası arasında münasibətlərin dağıdılması ilə bağlı Birləşmiş Ştatların və sionist rejimin məqsədinə istinad edən ayətullah Raisi vurğulayıb: "Xarici müdaxilə region ölkələrinə zərər vurur və biz onların sui-qəsdinə qarşı sayıq olmalıyıq".

Öz növbəsində Əliyev İranın Azərbaycan Respublikasının müstəqilliyinə misilsiz dəstəyini yüksək qiymətləndirərək deyib: "Bakı Tehranla qardaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir və biz ona xələl gəlməsinə yol verməyəcəyik".

Azərbaycan prezidenti iki ölkə arasında müəyyən anlaşılmazlığın aradan qaldırılması məqsədilə iki ölkə rəsmiləri arasında aparılan danışıqlara və əlaqələrə istinad edərək deyib: "Biz sərhədyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsinə sadiqik və heç bir ölkənin ikitərəfli münasibətləri pozmasına imkan verməyəcəyik".

Tranzit və avtomobil nəqliyyatının vacibliyinə toxunan Əliyev deyib: "Biz tranzit problemini həll etmək və İran şirkətlərinin Azərbaycanda olması və fəaliyyət göstərməsi üçün zəmin yaratmaq əzmindəyik".

Əliyev həmçinin qeyd edib ki, "bu görüş iki ölkə arasında münasibətlərdə dönüş anı olacaq və biz İran İslam Respublikasının regional maraqlarının təmin edilməsinə sadiqik".

Sonda Azərbaycan prezidenti bildirib ki," əldə edilmiş razılaşmaların izlənilməsi və yerinə yetirilməsi üçün yüksək vəzifəli hökumət məmurlarının iştirakı ilə xüsusi işçi qrupu yaradılacaq".

Raisi iki ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi və İran şirkətlərinin iştirakı ilə tranzit marşrutlarının inkişaf etdirilməsi barədə Azərbaycan prezidentinin xahişini alqışlayıb, İRNA bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar