Ölkədə neçə şəxsə güzəştli ipoteka krediti verilib? - RƏSMİ CAVAB

07.12.2021 08:09     Sosreaksiya     385

Cari ilin 11 ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 325,0 mln. manat məbləğində 4880-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib ki, bu da Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir.

Bu barədə Musavat.com-a Fonddan məlumat daxil olub. Bildirilir ki, 2020-ci ilin analoji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 44% faiz artım müşahidə edilib. İlin sonunadək qeyd olunan göstəricinin bir qədər də artması gözlənilir.

Ümumilikdə, bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 969 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

Verilmiş kreditlərin təxminən 34%-i (642 mln. manat) güzəştli kateqoriyalara aid şəxslərə, 69%-i isə gənclərə və gənc ailələrə verilib. Regionda verilən kreditlərin payı 22% təşkil edib.

Cari ildə güzəştli ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də davam etdirilib və 2021-ci ildə 1063 güzəştli mənzilin alınması üçün 44,6 mln.manat məbləğində güzəştli ipoteka krediti verilib. Ümumilikdə 2018-ci ildən etibarən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 2725 şəxsə 118,1 mln. manat həcmində güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 mln. manat məbləğində adi ipoteka krediti verilib.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət dəstəyi hesabına ipoteka kreditlərinin, eləcə də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələbin formalaşmasına səbəb olub. Belə ki, təkcə 2021-ci ilin 11 ayı ərzində ipoteka kreditləri üzrə ödənişqabiliyyətli tələb 1,1 mlrd.manatdan çox olub. İpoteka kreditlərinə formalaşmış tələbin qarşılanması məqsədilə Fond tərəfindən müvafiq resurslar çərçivəsində mümkün tədbirlər həyata keçirilir.

Əlavə olaraq qeyd etmək istəyirik ki, ipoteka kreditlərinin həcmində müşahidə olunan əhəmiyyətli artım Fondun mövcud kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar