Ruslan Əliyev: "Gələn ildən daha bir yenilik tətbiq olunacaq"

10.12.2021 18:14     Sosreaksiya     244

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev kütləvi informasiya vasitələri nümayəndələri ilə növbəti dəfə görüş keçirib.

Reaksiya.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, görüş “Açıq qapı” aksiyası çərçivəsində baş tutub və Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci il dönümü ilə əlaqədar Ulu Öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra mətbuat nümayəndələrinin bütün suallarını cavablandıran R.Əliyev bir çox məsələlərə aydınlıq gətirib. Daha bir yeniliyi media nümayəndələrinin nəzərinə çatdıran baş direktor “Azəriqaz”ın 2022-ci ildə daha müasir sayğaclara keçid edəcəyini vurğulayıb.

O bildirib ki, bu sayğacların üzərinə sim kart ödəmə qurğuları quraşdırılacaq və abonentlər mobil telefonla balansını artıra biləcək. “İlkin olaraq pilot layihə kimi tətbiq olunacaq və 10 min sayğac üzərində bu təcrübəni yoxlayacağıq”, - deyə baş direktor bildirib.

Bundan əlavə, R. Əliyev “Azəristiliktəchizat” ASC-nin İstehsalat Birliyinə olan borcu ilə bağlı məsələyə də bir daha münasibət bildirərək borcla bağlı bu gün qarşı tərəfə məktub göndərildiyini qeyd edib. "Azəristiliktəchizat"a dövlət yardım edir. Həmin yardımın bir hissəsi 12 milyon manatdır. Hətta dövlətdən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik”, - deyə baş direktor əlavə edib.

R. Əliyev həmçinin “Azəriqaz”ın öz iqtisadi göstəriclərinin olduğunu, bu ilin 11 ay ərzində “Azəriqaz”ı “Azərkontrakt”dan aldığı qazın 100% dəyərini - ümumilikdə 575,35 milyon manatını ödədiyini, həmin məbləğin içərisində “Azəristiliktəchizat"a verilən qazın dəyərinin də olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

Görüş zamanı R. Əliyev KİV nümayəndələri ilə bərabər vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Sonda baş direktor bir daha bütün mətbuat nümayəndələrini hər həftənin cümə günü baş tutan “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

 
Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar