Tərtərdə məktəbə hücum olub

11.12.2021 11:03     Sosreaksiya     349

Tərtərdə məktəbdə baş verən dağıntı ilə bağlı rayon Təhsil Şöbəsində araşdırma aparılır.

APA-nın xəbərinə görə, Tərtər rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə bildirib ki, Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbinin binasında hazırda 8 məktəb fəaliyyət göstərir.

Onun sözlərinə görə, məktəbdə baş verən hadisə ilə bağlı araşdırma başlanıb, bitdikdən sonra daha ətraflı məlumat veriləcək: “Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbində məktəbin şagird və müəllim kollektivindən əlavə Laçın rayonu Qorçu, Nərmaniyə və Çaylı kənd məktəbləri kollektivi və eyni zamanda Ağdamın 84, 107 saylı və Kəlbəcərin 34, 36 saylı məktəb kollektivləri istifadə edirlər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən məktəbə dəymiş ziyanın kim tərəfindən törədildiyi barədə araşdırma aparılır. Bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Şıxarx qəsəbəsi 2017-ci ildə istifadəyə verilib. Burada çoxmərtəbəli 34 yaşayış binasında 1176 ailə yaşayır, 1200 yerlik məktəb binası tikilib.

***

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev APA-ya açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Şərhlər