Qəbələdə meşə salınır...

13.12.2021 16:28     Sosreaksiya     279

Rayonun yanğına məruz qalmış meşə sahəsinə ağac toxumları səpilib

Qəbələ rayonunun Bum meşəbəyliyinin yanğına məruz qalmış meşə sahəsində meşəbərpa tədbirləri keçirilib, meşəcinsli toxumlar səpilib.

"Report" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli sakinlər və media təmsilçiləri iştirak ediblər.

ETSN-in mütəxəssisi Cabbar Qəribov bildirib ki, bərpa prosesində səpmə üsulundan istifadə edilib: "Meşəbərpasında əraziyə yerli Qafqaz vələsi, uzunsaplaq palıd, göyrüc və nəhəng ağcaqayın toxumu səpilib".

ETSN-in mətbuat katibi İradə İbrahimova meşəbərpa tədbirlərinin mütəmadi olaraq davam etdirildiyini vurğulayıb: “Yay aylarında baş verən meşə yanğınlarının dəhşəti hər birimizə kədər və ürək ağrısı gətirdi, hər birimizi sarsıtdı. Lakin bu gün hər kəsin yanan əraziləri bərpa etmək məqsədilə bu tədbirə həvəslə qoşulması cəmiyyətimizin ətraf mühitin mühafizəsi işinə həssaslıqla yanaşdığını göstərir. Bu münasibəti vətəndaşlarımızda müşahidə etmək çox xoşdur”.

Onun sözlərinə görə, meşə yanğınlarına iqlim dəyişikliyi, quraqlıq, təbii amillərlə yanaşı, antropogen təsirlər də səbəb olur: “Hər kəs, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisi, təbiət qoynunda istirahət edən turistlər, fermerlər və bütün vətəndaşlar təbiətdə olarkən ətraf mühitə, insanlara zərər vuran yanğınlardan nəticə çıxarmalı və bir daha bu cür fəlakətlərlə üzləşməmək üçün maksimum dərəcədə ehtiyatlı olmalıdır”.

Reaksiya.az

Şərhlər