Musa Quliyev: “İndiyədək turizm sektoruna 2 milyard dollardan artıq investisiya qoyulub”

14.12.2021 13:19     Sosreaksiya     241

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qanunvericilik təşəbbüsü ilə hazırlanmış “Turizm haqqında” Qanun layihəsi Milli Məclisin ilk oxunuşunda müzakirəyə çıxarılıb. Layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim etdi.

Komitə rəhbəri qeyd etdi ki, turizm iqtisadiyyatın sürətlə inkişaf edən bir sektoru olmaqla, sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvəsi kimi dünyanın bir çox ölkələrinin milli iqtisadi prioriteti hesab edilir: “Turizmin sosial-iqtisadi həyata təsiri bir neçə istiqamətdə özünü göstərir: Birincisi, hava nəqliyyatı, mehmanxanalar, avtomobil kirayəsi ilə məşğul olan şirkətlər kimi turizm altsektorlarının ÜDM-ə birbaşa təsirindən əlavə, xidmət, tikinti, istehsal və s. sektorların da dolayı təsiri turizmin əhəmiyyətini daha da artırmaqdadır. İkinci istiqamət turizm sektorunun inkişafının məşğulluğa və regionların sosial-iqtisadi inkişafına təsiridir. Belə ki, bu sektorda istənilən inkişaf yalnız şəhərlərdə deyil, eyni zamanda, ekoturizm, kənd turizmi, çimərlik və dini turizm kimi çoxsaylı turizm növlərinin inkişafı vasitəsilə regionlarda və kənd yerlərində də məşğulluq imkanlarının yaradılmasına və infrastrukturun inkişafına təkan verir. Üçüncüsü, uğurlu turizm strategiyası ölkənin imicinin beynəlxalq miqyasda yaxşılaşdırılmasına kömək etdiyindən turizm həm də ölkələr üçün marketinq aləti rolunu oynayır. Eyni zamanda, turizm sektoru ekoloji dayanıqlılıq, mədəni irs, yerli dəyərlərin mühafizəsi və inkişafı istiqamətində göstərilən səyləri də dəstəkləyir”.

M.Quliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə turizm 11 prioritet istiqamətdən biri kimi müəyyən edilib: “Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflər, işğalqan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yüksək turizm potensialının mövcudluğu, Zəngəzur dəhlizinin açılmasından sonrakı dövrdə bölgədə yaranacaq yeni tarixi, coğrafi, loqistik, sosial-iqtisadi mühit turizm sahəsində yeni prioritetləri müəyyən edir, yeni çağırışları qarşıya qoyur. Son illərin statistik göstəricilərinə görə, koronavirus pandemiyası başlayana qədər turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Ölkəmizdə indiyədək turizm sektoruna 2 milyard dollardan artıq investisiya qoyulmuşdur. Ötən dövr ərzində turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması yönündə təsirli tədbirlər görülmüşdür. Belə ki, səyahət agentlikləri, tur operator və mehmanxana fəaliyyətləri üzrə lisenziya tələbi ləğv edilmiş, mikro sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, məcburi dövlət sosial sığorta haqqı üzrə sahibkarların fiskal öhdəliyinin azaldılması, özəl sektorda əmək haqqı gəlirlərinin 8 min manatadək olan hissəsinə gəlir verigisinin tətbiq edilməsinin dayandırılması kimi tədbirlər nəticəsində turizm sektorunda biznes mühitinin əhəmiyyətli səviyyədə yaxşılaşmasına nail olunub”.

Reaksiya.az

Şərhlər