"Nədə günahkar olduğumu bilirəm və üzr istəməyə hazıram"- Ata Abdullayev

14.12.2021 14:35     Sosreaksiya     259

Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə məlum olub ki, barəsində məcburi məhkəməyə gətirilmə qərarı çıxarılan Ziya Məmmədov yenə məhkəməyə gəlməyib.

Ata Abdullayev deyib ki, Ziya Məmmədov ifadə vermək istəmir. Onun vəkili də buna etiraz edərək, bildirib ki, Ziya Məmmədov istintaqda doğru ifadə vermədiyi üçün məhkəməyə gəlmir.

Vəkil deyib ki, Ziya Məmmədov İticket.az saytının rəhbəridir və ofisi elə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir.

Məhkəmə Ata Abdullayevin prokurorun suallarını cavablandırması ilə davam edib.

Ata Abdullayev zərərçəkmiş kimi tanıman şəxslərdən pul almadığını bildirib.

"Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Amma həmin vaxt Misirdə idim. Deyirlər ki, nə fərqi var? 2020-ci il yox, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-ci ildə qalib ölkəyik.

Allaha and olsun ki, heç kimdən heç nə almamışam. Qəlbində İlham Əliyev sevgisi olan adam ömür boyu rüşvətdən uzaq olar.

Sizə qurban olum. Lazımdırsa, 1 milyon aldığımı yazım. Amma nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm və 10 dəfə də istəməyə hazıram".

Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.

Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.

Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

Reaksiya.az

Şərhlər