Nərmin Quliyevanın ƏMİSİNDƏN ŞOK - "Yatmışdım" deyib, amma...

16.12.2021 17:03     Sosreaksiya     284

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az-ın məlumatına görə, prosesdə Nərmin Quliyevanın əmisi Lətif Quliyev ifadə verib.

O bildirib ki, qardaşı qızı onlara günorta saat 14.00 radələrində gəlib. O isə həmin vaxt yatmış olub: “Günorta yeməyini yeyib, sonra yatmışam, bir də axşam saat 6-ya işləmiş oyanmışam”.

L.Quliyevin istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında çoxsaylı ziddiyyətlər olub. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan edilib. Məlum olub ki, o, əvvəllər oğurluğa görə məhkum edilib. Eyni zamanda, Nərminin həmin gün onlara hansı geyimdə gəlməsi, kiçik oğlu Ayxanın hamamı açıb, gödəkçəni ona verməsi və s. detallar haqqında ətraflı danışıb.

“Bir tərəfdən deyirsiniz ki, həmin vaxt yatmışdım, o biri tərəfdən də hər şeyi detallı danışırsız. Əgər yatmışdınızsa, bunları haradan bilirsiniz?”, - vəkillər Lətif Quliyevə suallar ünvanlayıb.

Lətif Quliyev isə deyib ki, bunları özü görməyib, sadəcə evdə olan ailə üzvlərinin danışdıqlarından eşidib.

Lətif Quliyev hadisə günü böyük oğlu Ruslanın harada olması ilə bağlı ziddiyyətli ifadələr verib. Vəkillər də vəsatət verib ki, Ruslan Quliyev məhkəməyə çağırılsın, onun həmin gün harada olduğu aydınlaşdırılsın. Hakim bildirib ki, ittiham tərəfin təqdim etdiyi şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.

Məhkəmə prosesi dekabrın 22-də azyaşlının digər qohumlarının dindirilməsi ilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Reaksiya.az

Şərhlər