Tanınmış həkimlər icbari tibbi sığorta ilə işləməkdən imtina edir, əhali isə narazıdır

17.12.2021 11:10     Sosreaksiya     494

Ekspert: “Təcrübəsi, xəstə sayı çox olan həkimlərin maddi rifahının yaxşılaşdırılması üçün təkliflər olmalıdır”

Azərbaycanda icbari tibbi sığorta tətbiq olunandan bəri əhalinin  narazılığını eşidirik. Bunun əsas səbəblərindən biri isə tanınmış, təcrübəli həkimlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə işləməməsi göstərilir.

Musavat.com-a Bakı sakini Sevinc Əsgərova da bununla bağlı narahatlığını bildirib: “Bu yaxınlarda səhhətimdə problem yaranmışdı, uzun illər tanıdığım, etibar etdiyim həkimə müraciət etmək istədim. Amma dedilər ki, icbari tibbi sığorta ilə işləmir. Mən isə başqa həkimlərə etibar etmirəm, nəyə görə peşəkar həkimlər icbari tibbi sığorta ilə işləməməlidir? Mənim məvacibimdən hər ay pul ayrılır, nəyə görə istifadə edə bilməyim? İnanmadığım həkimə necə müraciət edim?”

Əhali arasında bu kimi şikayətlərin sayı çoxdur. Bir çox ekspertlər isə hesab edir ki, yaranan problemlərin səbəbi maliyyə çatışmazlığı ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov isə deyib ki, icbari tibbi sığorta sisteminin işləkliyi ilə bağlı maliyyə vəsaiti kifayət qədərdir: “Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki, onu müayinə edəsən?! Deməli, öz qohumları belə onlara etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin”.

Yaranan bu anlaşılmaz vəziyyət nə ilə bağlıdır? Nə kimi qərarlar verilməlidir?

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a belə şərh verib: “Bu məsələ olduqca aktualdır. İcbari tibbi sığorta tətbiq ediləndən bununla bağlı  narazılıq səngimir. Həqiqətən də təcrübəsi, biliyi, xəstə kontingenti çox olan həkimlər icbari tibbi sığorta ilə işləməyə maraqlı deyillər. Çünki onlara az pul verilir. Maddi vəsait az ayrılır, ona görə də belə təcrübəli həkimlər bunun marağında deyil. Əsas səbəb budur.

Könül xanımın dediyi isə xəstəsi olmayan həkimlərə aiddir. Bu cür həkimlərlə bağlı deyilənlərlə razıyam. Amma söhbət təcrübəsi çox olan həkimlərdən gedir. O deyir ki, 10 min manat qazanan həkim də var. Amma bu 10 mini qazanmaq o həkimə nəyin hesabına başa gəlir? O həkim o qədər xəstəyə baxır, o qədər əməliyyat edir, axı bu həkimin səhhəti bütün bunlara dözməyəcək. Hazırda Tibb Universitetini bitirən savadlı gənclərin çoxu ən yaxın ölkə - Türkiyəyə, daha sonra Almaniyaya, Amerikaya, inkişaf etmiş digər ölkələrə gedirlər. Səbəb nədir?   İnsan həm müasir tibbi biliklər əldə etmək üçün, həm də yüksək maddi rifah üçün illərlə zəhmət çəkib oxuyub. Tutaq ki, vətəndaşımız Almaniyaya gedib rezidentura təhsilini əldə edib, yüksək bilik alıb, vətənə qayıtdıqdan sonra biz ona nə vəd edirik, nə ilə təmin edirik. Bu çox vacib məsələdir. Ən azından təcrübəsi, xəstə sayı çox olan həkimlərin maddi rifahının yaxşılaşdırılması üçün təkliflər olmalıdır. İndi iyirmi birinci əsrdir, “iki manatı al, məcburi xəstəyə baxmalısan” deyə bir şey yoxdur. Belə olsa inkişaf olmayacaq".

A.Əliyev “həkimlərin maaşları əmək fəaliyyətləri, yoxsa təcrübəyə əsasən artırıla bilər?” sualına da cavab verib: “Həkim var ki, 40 illik əmək fəaliyyəti var, amma savadsızdır. Bəli, işləyən həkimin təcrübəsi artır. Hansı həkimə daha çox müraciət olunursa,  bu həkimi çox istəyirlərsə, həmin həkimlərin maaşlarını artırmaq lazımdır.  Amma bu yalnız bizim deməyimizlə deyil, planlı şəkildə düşünülməlidir, müvafiq qurumlar tərəfindən müzakirə olunmalıdır. Həkimlərin rəylərini soruşmalıdırlar. Bütün görülən işlərin əsasında bir qənaətə gəlmək olar”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizasının texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva da bu məsələ ilə bağlı münasibət bildirib: “Elə həkimlər var ki, icbari tibbi sığorta ilə işləmir. Amma o həkim deyilsə, başqa həkimlər var, insanlar onlara müraciət edə bilərlər. Amma bu o demək deyil ki, onlar icbari tibbi sığortadan narazıdırlar. Sadəcə olaraq, bu prosesdə sənədlərin toplanması işləri gedir ki, bu da uzun prosesdir”.

Nəzərə çatdıraq ki, yaxın günlərdə icbari tibbi siğorta çərçivəsində göndəriş vərəqələrinin verilməsi qaydalarında dəyişikliklər olacaq. Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. 

Şərhlər