Bakıda adam oğurıuğuna görə həbs edilən çempionlara hökm oxundu

18.12.2021 09:47     Sosreaksiya     292

Bakıda adam oğurluğunda təqsirli bilinən dəstənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionları var. İş üzrə həbs edilənlər 5 nəfədir. İki nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Allahverdiyev, Fəqan Eminoğlu, Niyaməddin Kazımlı, Şaiq Hüseynov, Elçin Qasımov, Aygün Abbasova və Fərəh Rəsulovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb və hökm oxunub.

Adı çəkilən şəxslərdən yalnız Fərəh Rəsulova və Aygün Abbasova ev dustaqlığında idi.

İlkin rəsmi məlumata görə, polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub.

Xətai rayon sakini Hüseyn Əsgərov Aygün Abbasovaya 25 min manat borclu olub. Borcunu qaytara bilmədiyi üçün Aygün Abbasovanın sifarişi ilə kafelərin birinə dəvət edilib.

Əvvəllər məhkum olunan, kriminal aləmə meylli Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan Şaiq Hüseynov və Fəqan Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar şəkildə avtomobilə əyləşdirilərək Aygün Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan Niyaməddin Kazımlının iştirakı ilə Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəyəcəyini bildirərək işgəncə veriblər.

Alınan pulun müqabilində Aygün Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Hüseynov, Fəqan Eminoğlu, Vasif Allahverdiyev, Aygün Abbasova, Niyaməddin Kazımlı və onun həyat yoldaşı Könül Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.

Sonradan Könül Kazımlının günahının olmadığı sübuta yetirilib və azadlığa buraxılıb.

Həbs edilən şəxs Fəqan Eminoğlu dindirilib.

Sərbəst ifadə verən F.Eminoğlu söyləyib ki, elan olunmuş ittihamla özünü təqsirli bilmir: "Vasiflə trenajor zalında məşq edirdik. Vasif dedi ki, narkoloji dispanserə gedib sənəd verməlidir. Birlikdə ora gedib qayıdandan sonra çay evində Elçinlə görüşdük. Çay içdik, söhbət elədik. Vasif dedi ki, bir nəfər qohumu gələcək, onunla söhbət edəcək. Biz də heç nə demədik.

Sonradan adının Hüseyn olduğunu bildiyim şəxs gəldi və onlar söhbət etdilər. Söhbətdən sonra bizim masaya gəldilər. Heç bir söz-söhbət, problem və narazılıq yox idi.

Hüseyn dedi ki, bağa gedək. Elçin, Vasif və mən bağa getdik. Söhbət etdik, çörək yedik.

Mən özüm cüdo müəllimiyəm. Səhər dərsim var idi. Dedim ki, səhər tezdən getməliyəm. Vasifin uşağı xəstələnmişdi. Səhər tezdən evdən birinci o çıxdı. Sonra da Elçin getdi. Ardınca da mən evdən getdim. Qapını da Hüseyn özü bağladı. Mən gedib məşqimi keçdim. Baxdım ki, saatım bağda qalıb. Bağa qayıdıb, saatımı götürmək istədim. Bağa gələndə Hüseyn orada idi. Qapını açdı, oturduq, söhbət elədik. Şaiq də yemək gətirdi. Günorta saatlarında polislər hasardan düşərək hamımızı qandalladılar”.

Sonradan borc məsələsindən xəbər tutduğunu deyən F.Eminoğlu da istintaqdakı ifadəsini təzyiq altında verdiyini, döyüldüyünü iddia edir.

İş üzrə əsas təqsirləndirilən şəxslərdən biri hesab edilən Niyaməddin Kazımlı da məhkəmədə ifadə verib.

O söyləyib ki, iş üzrə zərərçəkən şəxsi daha əvvəl tanımayıb.

“Aygün xanım bizim ailəvi yaxınımızdır. Övladımın doğum günündə də iştirak edib. Dedi ki, Hüseyn adlı şəxs ona 25 min manat borcludur, amma qaytarmır. Mən Hüseynin nömrəsini Vasifə vermişdim. Vasif mənim yaxın dostumdur. Düşündüm ki, Aygün Abbasova xanımdır, Vasif danışsa Hüseyn pulu qaytarar”.

Niyaməddin Kazımlı deyir ki, bu söhbətlər olan zaman Aygün Abbasova ona heç bir məbləğ ödəyəcəyini vəd etməyib: “Aygün xanımın mənə etdiyi yaxşılıqlar qarşısında ondan nə isə istəyə bilməzdim. Vasif də bir dost kimi heç nə ummayıb. Sadəcə, zəng etməsini xahiş etmişəm. Aygün xanım işsiz vaxtlarımda mənə iş verib, dəstək olub, ailəvi yaxın olmuşuq”.

İstintaq zamanı verdiyi ifadəni təsdiqləməyən Niyaməddin Kazımlı deyir ki, ittihamlar əsassızdır.

İttiham olunan şəxslərdən biri də Fərəh Rəsulovadır.

Universal döyüş üzrə dünya və Avropa çempionu olan Fərəh Rəsulova deyir ki, bu işdə yalnız Vasif Allahverdiyevi tanıyır.

“Vasiflə birlikdə məşq edirik. Həm də dostluq münasibətimiz var. Bir dəfə zalda məşq edəndə məndən zəng etmək üçün telefon istədi, mən də verdim. Sonra həmin nömrədən mənə zəng gələndə dedim ki, sizə zəng edən Vasif idi”,- deyə F.Rəsulova ifadəsində göstərib.

İstintaqda verdiyi ifadəsini təsdiqləməyən Fərəh Rəsulova psixoloji təzyiqə məruz qaldığını söyləyib: “Müstəntiq dedi ki, əgər belə ifadə versəm, uşaqlar üçün də xeyirli olacaq. Ondan əvvəl də mənə hədə-qorxu gəldilər. İstintaq müddətində mən şahid kimi dindirilirdim. İş məhkəməyə göndəriləndən bir gün əvvəl məni təqsirləndirilən şəxs etdilər”.

Məhkəmə prosesində məlum olub ki, iş üzrə zərərçəkmiş kimi tanınan şəxs Hüseyn Əsgərov da idmançı olub.

Həbs edilənlərdən Vasif Allahverdiyev iş üzrə əsas təqsirləndirilən şəxs və dəstə rəhbəri kimi göstərilir. O, daha əvvəl adam öldürməyə görə məhkumluq həyatı yaşayıb.

Həbs edilən Niyaməddin Kazımlı peşəkar idmançıdır. O, klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısıdır.

Hökmə əsasən təqsirləndirilən şəxslər- Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il həbs cəzası təyin edilib. A.Abbasova cəzasını övladının 14 yaşı tamam olandan sonra başlayacaq.

Şərhlər