Sosial artımlar sürətli bahalaşmaya adekvatdırmı - partiya sədrlərindən açıqlama

23.12.2021 14:12     Sosreaksiya     403

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamla minimum aylıq əmək haqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu sərəncama uyğunlaşdırılacaq. Minimum əmək haqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əmək haqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Qeyd edək ki, son üç ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əmək haqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlara əsasən, ölkədə sosial müavinətlərlə yanaşı, bəzi təqaüdlər də artırılıb. Minimum sosial müavinət 130 manatdan 180 manata yüksəldilib.

Lakin bəzi iqtisadçı ekspertlər, müxalifətçilər, deputatlar hesab edir ki, hazırkı artım bazardakı inflyasiya səviyyəsinə adekvat deyil. İqtidaryönlü ekspertlərin isə arqumenti budur ki,  Azərbaycan müharibədən təzə çıxıb. İşğaldan azad edilən ərazilərdə quruculuq bərpa işləri aparılır, böyük qayıdış həyata keçiriləcək, “Ağıllı kənd” layihələri çərçivəsində yeni yaşayış massivləri qurulur. Eyni zamanda şəhid, qazi ailələrinin bütün yükü dövlətin çiynindədir. Bütün bunlarla paralel olaraq sosial artımların hazırkı həddi normaldır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan AĞ Partiya lideri Tural Abbaslı bildirdi ki, artımlar siyasi xarakterli olmamalıdır: “İstənilən artım, yəni minimum əmək haqqının artırılması, müavinətlərin, təqaüdlərin artırılması müsbətdir, yaxşı haldır və təqdir olunmalıdır.  Yəni bu, mütləq nəzərə alınmalıdır. Amma təbii ki, bu artımlar siyasi mahiyyətli olmamalıdır, iqtisadi artım olmalıdır. Siyasi artımlar sırf siyasi məqsədlərə xidmət edən, yəni insanların narazılığının azaldılmasına, seçkiqabağı hansısa təbliğat vasitəsi kimi və yaxud da hakimiyyətin mövqelərini möhkəmləndirmək üçün edilir. Amma bu, sırf insanların rifah halının yaxşılaşdırılması, vətəndaşların əziyyət çəkməməsi, normal şəraitdə yaşaması üçün olmalıdır. Ən azı onların durumuna təsir edə biləcək artımlar olmalıdır. Amma indi 50 manat artım, yəni  minimum əmək haqqının 250 manatdan 300 manata qaldırılması Azərbaycan reallıqlarında təbii ki, kifayət qədər böyük bir məbləğdir. Amma əgər qiymətlərin yüksəlməsinə baxsaq, təbii ki, buna adekvat deyil. Keçən ilin noyabrından bu ilin noyabrına qədər ərzaq məhsullarında, kənd təsərrüfatı məhsullarına orta hesabla 50-60 faiz bahalaşma var. Yəni bu birmənalıdır”.

Müxalifət liderinin sözlərinə görə, ən azı inflyasiyanın dərəcəsi qədər artım olmalıydı ki, insanlar dünənki vəziyyətdə yaşaya bilsin: “İnflyasiyanın yaratdığı boşluğu dolduracaq qədər artımları olmalıdır. İstənilən halda mən digər müavinətlərin artırılması ilə bağlı məlumat oxudum.

Tələbə təqaüdləri , əlillik dərəcəsinə görə olan pensiyalar artırılıb. Minimal artım belə faydalıdır, amma hər halda, Azərbaycan reallıqlarının,  bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Bu artım var. Könül istərdi ki, daha çox olsun. Bunun üçün düşünürəm ki, Azərbaycan iqtisadiyyatında, sənayesində və kənd təsərrüfatında kifayət qədər potensial var.  Normal idarəetmə qurmaqla bunları təmin etmək olar. İndiki zəmində bu artımın kifayət etdiyini desək, bu ədalətsizlik olar. İqtidarın arqumenti budur ki, ölkə müharibədən çıxıb, müharibə sonrası dönəmdə xərclər artıb.  Bu, onların yanaşmasıdır. Bizim üçün  müxalifət olaraq əsas odur ki,  artım daha çox olmalıdır. Əhalinin rifah vəziyyəti daha da yaxşılaşdırılmalıdır. Bunun üçün iqtidar lazımi addımları atmalıdır. O addımlar ki, bu günə qədər atmaqda yubanırlar".

Deputat Fazil Mustafa da vurğuladı ki, bütün hallarda bu kimi məsələlərdə artımın daha çox olması cəmiyyətin bütün üzvlərini maraqlandırır: “İnsanlar istəyir ki, bu artımlar rifah halının yüksəldilməsi istiqamətində müəyyən qədər faydalı olsun. Fikrimcə, insanların bu istiqamətdə daha çox gözləntiləri var, amma ölkənin də iqtisadi imkanları təbii ki, müzakirə olunur. İqtisadi bloka daxil olan müəyyən hökumət qurumları bu istiqamətdə ölçü-biçi aparırlar. Bütün hallarda bu, vətəndaşın indiki inflyasiya qarşısında problemlərini həll etmir və daha çox sıxıntı içində qalmasına səbəb olan amillər var. Ölkə Prezidenti, hər halda, bu istiqamətdə durumu yüngülləşdirici bir artım həyata keçirir və bu da ən azı minimum səviyyədə insanları sıxıntılarından xilas edə biləcək. Artımlar belə bir niyyətlə edilir. Amma bu, təkcə il sonuna aid olan məsələ deyil”.

F.Mustafa vurğuladı ki, ölkənin iqtisadi imkanları artdıqca, bunu yenidən etmək mümkün olacaq: “Bütün hallarda Azərbaycanda  əmək haqqının artırılmasından daha çox insanlara iş yerinin açılması, sahibkarlığın qarşısındakı maneələrin qaldırılması vacibdir. Bu olarsa, qısa bir vaxtdan sonra  minimum əmək haqqı üzərində  insanlar çox müzakirə aparmaz, daha yaxşı iş yerləri ilə təmin olunarlar, özlərinin dolanışığını, yaşam şərtlərini təmin edə  bilərlər. Məsələnin əsas mahiyyəti budur və düşünürəm ki, bu istiqamətdə ölkədə ciddi islahatlara ehtiyac var. Amma bütün hallarda mən artımları müsbət qiymətləndirirəm. Yaxın zamanlarda  ölkədə iqtisadi sahədə gəlirlər artdıqca, bu artımı davam etdirmək mümkündür”.

 

Şərhlər

Çox oxunanlar