2021-ci ildə təbii fəlakətlər dünyaya 170 milyard dollardan çox zərər vurub

28.12.2021 14:12     Sosreaksiya     927

2021-ci ildə qeydə alınan 10 ən böyük təbii fəlakət dünya dövlətlərini 170 milyard dollardan çox zərərə uğradıb. Bu da ötən ilki rəqəmlərlə müqayisədə 20 milyard dollar çoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Christian Aid” humanitar təşkilatı məlumat yayıb.

Ekspertlərin gəldiyi nəticəyə görə, bu miqdarın ən az 13%-i iqlimin insan əli dəyişdirilməsi nəticəsində baş verib.

Təşkilat maliyyə nöqteyi-nəzərindən ən irimiqyaslı fəlakət hadisəsinin “İda” qasırğasının olduğunu müəyyən edib. Bu ilin avqust ayında ABŞ-ın şərq sahillərini dağıdan həmin qasırğa Nyu-York şəhərində böyük daşqınlara səbəb olub. “Christian Aid” “İda”nın ABŞ büdcəsinə 65 milyarddan çox zərər yetirdiyini təsbit edib.

İkinci sırada 43 milyard dollarla bu ilin iyul ayında Almaniya və Belçikada baş verən daşqınlar gəlir. Siyahıya ABŞ-ın Texas ştatında iqlimin qəfildən soyuması, habelə Çinin Henan əyalətindəki daşqınlar da daxil olunub.

Humanitar təşkilatın nümayəndələri bu rəqəmləri inkişaf etmiş ölkələrdəki yüksək səviyyəli sığorta sısteminə görə ala bildiklərini bildirirlər. Kasıb dövlətlərdə zərərlərin ancaq təxmini həcmini söyləmək mümkündür.

Hələ bu ilin dekabr ayında İsveçrənin “Swiss Re” sığorta konserni 2021-ci ildə təbii fəlakətlərdən dəyən ziyanı 250 milyard dollar miqdarında qiymətləndirib. Bu isə 2020-ci illə müqayisədə 24% artım deməkdir.

Şərhlər