"Mənim üç babam var, iki atam"- Ata Abdullayev ağladı, 7 il cəza aldı

28.12.2021 14:38     Sosreaksiya     624

Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ata Abdullayev son sözündə bildirib ki, başqa günahının nə olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib. O, sözlərini də ağlayaraq dilə gətirib.

“Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab prezident isə mənəvi atamdır".

Abdullayevin vəkili Telman Talıbov da müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız, uydurma olduğunu deyir. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, heç bir sübut yoxdur:

“Mən də deyə bilərəm ki, kimsə məndən pul tələb etdi. Axı bununla bitmir, ortada sübut olmalıdır. Zərərçəkmiş qismində tanınanlardan biri keçmiş MTN əməkdaşıdır. Tutaq ki, bu birilər məlumatsızdır, o isə belə bir qurumda işləyib, bütün vasitələrdən, üsullardan xəbərdardır. Bəs niyə əlində Abdullayevin ondan pul tələb etdiyini təsdiqləyən heç bir sübut yoxdur?”.

Məhkəmə tərəfləri dinlədikdən sonra hökmü elan edib. Hökmə əsasən Ata Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.

Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.

Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

Şərhlər