“Vaksin ona görə 6 aydan sonra etibarlığını itirir ki...” - infeksionistdən İLGİNC açıqlama

30.12.2021 13:14     Sosreaksiya     439

""Omikron" "Delta" ştammından 4 dəfə daha yoluxdurucudur"

Bir gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi təşkil edilib, mühüm qərarlar verilib. Brifinqdə COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycanda əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin davam etdirildiyi bildirilib. Vurğulanıb ki, ölkəmizdə pandemiya nəzarətdə saxlanılır, vəziyyət sabit və idarəolunandır, gündəlik yoluxanların, xəstəxanada olanların sayı digər ölkələrlə müqayisədə aşağı səviyyədədir. Azərbaycanın müasir səhiyyə infrastrukturu və dövlətin koronavirusla səmərəli mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini göstərir.

Musavat.com-un xəbərinə görə, diqqətə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah öz qərarlarında bu sahədə elmi araşdırmaların nəticələrinə əsaslanır. Təcrübə və elmi araşdırmaların nəticələri təsdiq edir ki, tam vaksinasiya insanlarda virusa qarşı güclü immunitet formalaşdırır. Lakin ikinci dozadan 4 ay ötdükdən sonra immunitet zəifləməyə başladığına görə əlavə - buster doza vurulması lazımdır. Hazırda dünyada geniş yayılmağa başlamış “Omikron” ştammının Azərbaycanda müəyyən edilməsi ilə bağlı hər hansı fakt yoxdur. Lakin bu ştammın region ölkələrində müəyyən olunduğunu nəzərə alaraq, onun ölkəmizə də keçməsi zaman məsələsidir. “Omikron” böyük sürətlə yayılır və əvvəlki “Delta” ştammından 4 dəfə daha yoluxdurucudur. O, “Delta”dan 70 dəfə sürətlə artır, inkubasiya dövrü isə cəmi 48 saat təşkil edir (“Delta”nın inkubasiya dövrü 72 saatdır).

Qeyd edilib ki, “Omikron” ştammının sürətlə yayılması ilə bağlı dünyada vəziyyət müxtəlifdir. Bir sıra ölkələr lokdaun və sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər. Niderlandda faktiki olaraq Milad və Yeni il şənlikləri ləğv olunub, yanvarın ortalarına kimi mağazalar, hotellər, fitnes zalları, kinoteatrlar və muzeylərə məhdudiyyətlər tətbiq olunub. Danimarkada dekabrın 27-dən yanvarın 17-nə kimi konsert zalları, teatrlar, kinoteatrlar, muzeylər və qalereyalar qapadılıb. Restoranlar yalnız axşam saat 11-ə kimi işləyə bilər. Milad şənlikləri qadağan olunub. Yunanıstanda Milad şənlikləri qadağan edilib, infeksiyanın geniş yayılması hökuməti 60 yaşdan yuxarı əhalini məcburi vaksinasiya etməyə vadar edib. Əks təqdirdə, 100 avro məbləğində cərimə sanksiyası tətbiq olunur.

Portuqaliyada restoranlar və barlar qapadılıb. Çexiyada bayram yarmarkaları qadağan edilib, iaşə obyektləri axşam saat 10-a kimi fəaliyyət göstərə bilər. Böyük Britaniyada ənənəvi Milad şənlikləri təxirə salınıb. Fransada dekabrın 10-dan bütün klublar 4 həftə müddətinə qapadılıb. Yanvarın 15-dən yaşlı əhali buster doza ilə vaksin olunmalıdır. Parisdə Yeni illə bağlı konsertlər və şənliklər qadağan edilib. İspaniyada hər yerdə maskadan istifadə tətbiq olunub. Almaniyada klublarda insanların 10 nəfərdən artıq yığışmaması ilə bağlı limit müəyyən edilib. Böyük Britaniyadan ölkəyə gələn turistlərə 48 saatlıq test və 14 günlük təcrid tələb olunur. Avstriyada vaksinasiya sertifikatı olmayan şəxslərə yalnız işə çıxmaq və həkimə getmək üçün evdən bayıra çıxmağa icazə verilir. Hökumət gələn ilin fevralından əhali üçün məcburi vaksinasiya tədbirlərini nəzərdən keçirir.

Nəzərə çatdırılıb ki, ilkin nəticələrə görə, “Omikron” öldürücü gücünə görə əvvəlki ştamdan güclü deyil. Nəzərə alınmalıdır ki, “Omikron”un yoluxdurma qabiliyyəti yüksək olduğuna görə virusa yoluxmuş insanların sayında ciddi artım ola bilər ki, bu da səhiyyə sisteminin yüklənməsinə, mürəkkəb durumun yaranmasına və ölüm hallarının çoxalmasına səbəb ola bilər. Hazırda COVİD-ə qarşı ən təsirli vasitə vaksinasiya və gigiyenaya riayət olunmasıdır (əllərin tez-tez yuyulması, maskadan istifadə, məsafə saxlanması). Təcrübə göstərir ki, vaksinasiya həqiqətən də kömək edir. COVİD-dən həyatını itirən insanların 90 faizi vaksin olunmamış şəxslərdir.

O da deyilib ki, Operativ Qərargah əhalinin təhlükəsizliyinin daha səmərəli qorunması sahəsində tədbirləri davam etdirir. Bununla əlaqədar 2022-ci il fevralın 15-dən vaksinasiya sertifikatının müddəti 6 ay müəyyən edilir. 5 aydan sonra buster doza vurula bilər. Buster dozadan sonra vaksinasiya sertifikatının və immun sertifikatın təsiri hələlik qeyri-müəyyən müddətə kimi müəyyən edilir. Azərbaycanda digər ölkələrdəki kimi sərt tədbirlər tətbiq olunmayıb. Lakin bayram günlərində insanlar daha çox qapalı məkanlarda vaxt keçirəcəklər. Buna görə də təhlükəsizlik tədbirləri unudulmamalı, karantin rejiminin tələbləri yerinə yetirilməlidir. Yoluxma dalğasının genişlənəcəyi və əhaliyə, ölkənin səhiyyə sisteminə təhlükə yaranacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsi mümkündür.

Bununla belə, brifinqdən sonra əhali arasında bir sıra suallar yaranıb. Xüsusilə də fevralın 15-dən sonra ikinci doza vaksinin 6 ay müddətində etibarlı olacağı məsələsi narahatlıq yaradıb. Yəni 6 aydan sonra vaksin öz etibarlığını itirəcək. Sual olunur ki, niyə məhz 6 ay müddətinə, çünki bundan əvvəl pasport müddətsiz idi.

Həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a açıqlamasında sualımıza cavab verib. Onun sözlərinə görə, son araşdırmalarda məlum olub ki, üç doza vaksin iki doza vaksindən daha effektlidir: “Ümumiyyətlə, bütün variantlara qarşı 3-cü doza vaksinin effektli olduğu məlum olub. Azərbaycanda da yayılma təhlükəsi olan ”Omikron" variantı ilə bağlı vəziyyət daha önəmli hala gəlib çıxır. Çünki iki  doza “Pfizer”  peyvəndindən sonra alınmış immunitetin “Delta” variantına qarşı qoruyuculuğu  40 dəfə zəifdir. Halbuki “Pfizer” ən effektiv vaksin sayılır. Buna görə araşdırma nəticəsində məlum olub ki,  3-cü doza “Pfizer”  vaksini vurdurmuş şəxs “Omikron”un ağırlaşmalarından da sığortalanmış olur. Ancaq iki dozada 40 dəfə zəif qoruyuculuğu olduğuna görə təminat vermək mümkün deyil. Ona görə 3-cü doza vaksin əhəmiyyətli sayılır. Fikrimcə, bu istiqamətdə insanları yönləndirmək üçün alınmış bir qərardır. Faydalı olacağını düşünürəm".

Şərhlər