Ramiz Abutalıbov dəfn edildi

04.01.2022 12:51     Sosreaksiya     352

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun dəfn mərasimi keçirilib.

 R.Abutalıbov II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, R.Abutalıbov yanvarın 1-də dünyasını dəyişib.

Ramiz Abutalıb oğlu Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini 1960-cı ildə bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib.

1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olmuşdur. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.

Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.

Bakı Media Mərkəzi 2016-ci ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edilmişdir.

Ramiz Abutalıbov 2016-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.(teleqraf)

Reaksiya.az

Şərhlər