Azyaşlı uşaqlara işgəncə verən tərbiyəçilərin cəzası nə olmalıdır?

15.01.2022 12:45     Sosreaksiya     34

İki gündür ki, İsmayıllıda 1 saylı uşaq bağçasında azyaşlıya qarşı tərbiyəçisi tərəfindən göstərilən zorakılıq ölkə gündəmini zəbt edib. Cəmiyyəti hiddətə gətirən bu olayın sonu necə bitəcək, hər kəs üçün maraqlıdır. Körpə uşağa işgəncə verən tərbiyəçini hansı hüquqi məsuliyyət gözləyir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır: “Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”, - DİN rəsmisi vurğulayıb.

Bəs görəsən, bu rəftar Cinayət Məcəlləsində hansı maddəsi ilə tövsif olunur? Zaman-zaman uşaq bağçalarında körpələrə münasibətdə  sərt və amansız davranış müşahidə edilir. Azyaşlıya qarşı fiziki güc tətbiqi gələcəkdə o uşaqda psixoloji və fiziki qüsurlar yaradır. Psixoloqlar hesab edirlər ki, döyülən, əzilən uşaq böyüyəndə özünə edilən davranışı başqalarına tətbiq edə bilər.

Problemdən çıxış yolu varmı? Bütün bağçalarda kamera sistemi yoxdur. Kasıb, orta təbəqə uşağını dövlət bağçasına qoyur. Onlarda da kamera müşahidə sistemi yoxdur. Bağça müəllimələrinin əksəriyyəti nevrozdur, psixi problemləri var. Bəs insanlar övladlarını bu cür “zombiləşmiş” insanların əlinə necə əmanət etsinlər?

Yeri gəlmişkən, tərbiyəçi tərəfindən zorakılıq edilmiş azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev də mediaya açıqlamasında deyib ki, uşağı döyən tərbiyəçi Zülfiyyə Baxışova onun yaxın qohumudur: “Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”. O, bunları əlavə edib: “Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”. O əlavə edib ki, hazırda övladının səhhəti normaldır.

İddialar var ki, tərbiyəçinin qohumluq əlaqələri onun cəzasını yüngülləşdirə bilər. Bəs görəsən, qohumluq əlaqələrinin olması həmin tərbiyəçinin cəzasını azaldacaqmı?

Mövzu ilə bağlı bu və digər suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik.

Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Rahim Məmmədov  “Yeni Müsavat” a bunları dedi: “Uşağın hətta qohumu olsa belə, cəzası yüngülləşmir. Qanunda deyilməyib ki, qohumdur deyə şiddət göstərə bilər. Qanun qarşısında hamı bərabərdir. Yaşından, cinsindən, fiziki durumundan asılı olmayaraq bütün insanlar qanun qarşısında bərabərdir. Bu, konstitusion prinsipdir. Bu dövlətin təməlini təşkil edir. Bu gün uşağın zorakılığa məruz qalması onun travma alması kimi qiymətləndirilməlidir. Kimlərsə, uşağını tərbiyəçinin yanına qoyur, etibar edir. İstər dövlət, istərsə də özəl struktur olsun, qanun hər biri üçün keçərlidir. Əgər o, bu zorakılığı edibsə, təbii ki, hüquq mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinə uyğun şəkildə məsuliyyətə cəlb olunacaq”.

Məmmədov əlavə elədi ki, uşağın dəfələrlə zorakılıq görməsi də inkar edilə bilməz: “Bəlkə bundan əvvəl də belə hallar olub. Kim sübut edə bilər ki, bu birinci haldır. Bəlkə bu mütəmadi olub? Bu məsələ də araşdırılacaq. Azərbaycan Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulub. Uşaqlara qarşı edilən zorakılıq aktları həm Azərbaycan Respublikasının qanunları ilə, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən ciddi pozuntu kimi qiymətləndirilir. Bu öhdəlikdir.

Uşağa qarşı törədilən istənilən zorakılıq yolverilməzdir. Bu, məişət zorakılığı kimi qiymətləndirilir. Uşaqda hər hansı xəsarət varsa, şəxsiyyətin azadlığı, sağlamlığının əleyhinə olan maddələrlə tövsif olunacaq. Burada beynəlxalq standartlar nəzərə alınmaq şərtilə milli hüquq əsas götürülür. Azərbaycanda Uşaq Hüquqları Konvensiyası və ona dair protokollar var. Yaşından asılı olmayaraq dövlət uşaqların hüquqlarının müdafiəsi ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb.  Qanunvericiliyə müəyyən müddəalar daxil edilib. Bu hadisənin ictimai təhlükəliliyi nədən ibarətdir? Artıq insanların bu strukturlara inamı sarsılır. Burada ciddi məqam ondan ibarətdir ki, bu birbaşa insanların dövlət strukturuna olan inamını azaldır. Hamı bir-birinə deyir ki, bağçaya uşağı verməyin, onsuz da döyürlər".

Hüquq üzrə mütəxəssis deyir ki, qanunların  sərtləşdirilməsi deyil, hüquqi maarifləndirmənin modeli işlənib hazırlanmalıdır: “Etik davranış qaydası işlənib hazırlanmalıdır. İşə götürülən insanların psixologiyası yoxlanmalıdır.  Onların zorakılığa münasibəti, dözümlülüyü yoxlanılmalıdır. Bağçalarda təsadüfi adamları oturtmaq düzgün deyil. Bunun bir sistemi olmalıdır. İşə elə bir insan götürülməlidir ki, onların ürəyində rəhm, hissiyyatı olsun. Söhbət öz övladına olan münasibətdən getmir. Başqasının övladı da bizim balamızdır. Bu gün ona edilən zorakılıq gələcəkdə bizim övladlarımıza qarşı da olacaq. Bunun qarşısını almaq üçün həm hüquqi tədbirlər görülməlidir, həm maarifləndirmə olmalıdır. Burada həmin bağçanın rəhbərliyinin məsuliyyəti məsələsi var. Hər adamı tərbiyəçidir deyib vəzifəyə götürmək olmaz. Bu dayımın nəvəsidir, qohumumdur deyib, işə götürürlər, onlar da özbaşınalıq etməyə başlayırlar. Bu hələ baş verən hadisənin biridir. Görün, indi ölkədə bu qədər uşaq bağçası var, orada nələr olur. Burada ciddi hüquqi addımların atılmasına ehtiyac var”.

Ötən gün Təhsil Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, uşağa qarşı zorakılıq edən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat” a fikrini açıqladı: “Azərbaycanda hazırda 1693 uşaq bağçası var. Burada 123 minə yaxın uşaq təlim-tərbiyə prosesinin iştirakçısına çevrilib. Etiraf edək ki, 2011-ci ildə uşaq bağçaları icra hakimiyyətlərinə veriləndən sonra ciddi dəyişikliklər gözləyirdik. Amma vəziyyət hər gün geriyə doğru getməyə başladı. Burada təchizat, qidalanma problemləri ilə yanaşı, tədris prosesinin çox aşağı keyfiyyətini də gördük. Məhz buna görə uşaq bağçalarına nəzarət bir ay öncə Təhsil Nazirliyinə verildi.

Konkret fakt üzərində danışsaq, İsmayıllı rayonunda uşaq bağçası çox deyil. Burada 10-a yaxın uşaq bağçası var. 10 il ərzində uşaq bağçalarına işə qəbul şəffaf həyata keçirilməyib. 2016-cı ildə qəbul edilmiş qərara əsasən Məktəbəqədər təhsil haqqında qanunun tələbinə görə bu sahədə mütləq ali təhsilli, ixtisaslı kadrlar çalışmalıdır. Qanunvericiliyin tələbinə görə işə qəbul zamanı bir sıra hallar da yoxlanılır. Həmin şəxsin psixoloji durumuna qədər yoxlama aparılmalıdır. Çox təəssüflər olsun ki, işə qəbul prosesi şəffaf olmadığından bu tipli hadisələr mütəmadi baş verir. Biz həm özəl, həm də dövlət uşaq bağçalarında monitorinq apardığımız zaman gördük ki, özəl uşaq bağçalarında belə hallar demək olar ki, baş vermir. Ona görə ki, burada yaxşı xidmət göstərməkdə maraqlıdırlar, həm də valideynlər kamera vasitəsilə övladlarını izləyə bilirlər. Bu gün isə dövlət uşaq bağçalarının kamera izləməsi yoxdur. Düşünürəm ki, uşaq bağçaları Təhsil Nazirliyinə veriləndən sonra həm uşaqların qəbulu mərkəzləşmiş elektron qaydada olacaq, həm də dövlət uşaq bağçaları kamera vasitəsilə izlənməlidir. Kamera izlənməsi belə halları kəskin şəkildə azaldır".

Ekspert məktəbdə, bağçada uşaqlara fiziki zorakılıq tətbiq edənlərin tədris prosesindən uzaqlaşdırılmalı olduğunu bildirdi: “Bu hal sərt cəza tələb edir. İnsanlar cəzadan qorxmalıdırlar. Cəza olmalıdır ki, digərləri də belə əməllərdən çəkinsin. Belə halların baş verməməsi üçün müəllimlər psixoloji olaraq yoxlanılmalıdır. Çünki bu vəziyyət getdikcə təhlükəli hal almağa başlayıb. Bir gün əvvəl məktəbdə, sonra uşaq bağçasında belə hadisə baş verdi. Belə çıxır ki, uşaqlarımız tərbiyəçiləri tərəfindən ciddi fiziki, psixoloji təsirə məruz qalırlar. Bu insanların hüquq və azadlıqlarını məhdudlaşdırır. Buna yol vermək olmaz. Bunu törədənlər mütləq cəzalandırılmalıdır”.

Şərhlər