Rusiyalı deputat Azərbaycanı nüvə silahı ilə vurmaqla hədələdi

29.03.2022 13:34     Sosreaksiya     247

Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat yaşanıb. Belə ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib.

Veriliş zamanı Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycanı “proksi dövlət” adlandırıb. Bununla yanaşı, proqram zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunulub.

“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə deputat söyləyib.

“Qafqazinfo” xəbər verir ki, Mixail Delyaqinin Azərbaycana qarşı təxribatları və təhdid dolu çıxışları bununla yekunlaşmır.

Belə ki, rusiyalı deputat öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirib. Sorğuda izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri soruşulub.

Cavablar arasında “Bəli, lazımdır” 28%, “Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, “Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.

Reaksiya.az

Şərhlər