XİN: Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumatları verməkdən boyun qaçırır

30.03.2022 13:23     Sosreaksiya     251

“Ermənistan işğal altında olmuş ərazilərdə kütləvi məzarlıqların yerini bildirən məlumatları Azərbaycana verməkdən boyun qaçırır”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, erməni millətçilərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib: “Sovet İttifaqı dağıldıqdan sonra da, Azərbaycan torpaqlarının işğal edilməsi həmin ərazilərdə də yerli əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilib. Bu müddət ərzində erməni milliyyətçiləri tərəfindən fərqli bölgələrdə insanlıq əleyhinə cinayətlər törədilib. Onların sırasında Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələrini xüsusi ilə qeyd etmək lazımdır. Bu hadisələrin hər biri dinc əhalinin öldürülməsinə, terrora hesablanıb, qırğınların ardıcıl və sistematik həyata keçirilməsi isə onların Ermənistan tərəfindən dövlət səviyyəsində planlaşdırıldığını göstərir”.

Reaksiya.az

Şərhlər