“Mən ssenari yazmışam” - Aqil Abbas Mirşahinə cavab verdi

11.04.2022 15:55     Sosreaksiya     419

“Qələbəmizlə bağlı yazılar yazılır, amma Mirşahinin də dediyi kimi, ciddi yazılar deyil”.
 
Bunu Bakupost.az -a Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili Aqil Abbas Real TV-nin rəhbəri Mirşahin Ağayevin qələm əhlini tənqid etməsinə münasibət bildirərkən deyib.
 
A.Abbas jurnalistin sözlərində həqiqət payı olduğuna diqqət çəkib:
 
“Vətən müharibəsi ilə bağlı elə bir ciddi roman, əsər yazılmayıb. Düzdür, məqalələr, publisistik yazılar var, amma onun dediyi ədəbiyyat nümunələri hələ ortada yoxdur. Ssenari yazılmayıb, film çəkilməyib. Hətta ssenari yazılıbsa da, film çəkilməyib.
 
Dediklərində həqiqət var. Amma düşünürəm ki, yazılacaq. Hələ qələbənin eyforiyasındayıq. Yəqin ki, yazılacaq.
 
Qələbəmizlə bağlı ssenari yazmışam, təqdim edəcəyəm”.
 
Qeyd edəki ki, Mirşahin "Mir Şahinin vaxtı" layihəsində çıxış edərkən qələm sahiblərinin  Vətən Müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib:

"Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?

Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim "den pobedimiz"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri.

Yazın, qələbəmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya "Hərb və sülh" yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin".

Reaksiya.az

Şərhlər