Məhv olan abidələr və yaşayan tarix... - Qarabağ həqiqətləri

14.04.2022 13:19     Sosreaksiya     1384

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Qarabağ həqiqətləri - post münaqişə dövründən sonra yaranan reallıqlar və çağırışlar!” adlı layihə çərçivəsində Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, habelə xalqımızın haqq mübarizəsinin geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə ilə işlərini davam etdirir.

Layihə çərçıvəsində budəfəki həmsöhbətimiz tarix üzrə fəlsəfə doktoru, Kənan Əsgərlidir. Kənan Əsgərli Qarabağın tarixi, mədəni irsi, işğal dövründə tarixi abidələrimizin erməni təcavüzü nəticəsində dağıdılmasından, məhv olmasından danışıb.
 
Kənan müəllim, birinici ondan başlayaq ki, Qarabağ haradır, Qarabağ deyəndə hansı əraziləri başa düşməliyik?
 
Qarabağ ilk insanın yarandığı məskənlərdən biri olmuş, zəngin keçmişi var. Bu ərazi tarix boyu təkcə Azərbaycanın deyil, bütünlükdə Qafqazın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Qarabağ Azərbaycanda Kiçik Qafqaz dağlarından başlamış Kür və Araz çayları arasındakı əraziləri əhatə edən tarixi ərazidir. Bu ərazi XII-XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Qafqaz Albaniyasının tərkib hissəsi olan Qarabağda alban, qarqar, uti, peçeneq və s. tayfalar yaşayıblar. IV əsrdən burada xristianlıq yayılmağa başlayır, VIII əsrdən isə islam dini. Daha sonra xilafət dağıldıqdıqdan sonra yaranan Azərbaycan feodal dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə, 1501-ci ildən Azərbaycan Səfəvilər dövlətinin ən böyük ərazi inzibati bğlgülərindən biri də Qarabağ bəylərbəyi olmuşdu. XVIII əsrin 40-cı illərində Azərbaycanda yaranmış ən feodal dövlətlərdən biri Qarabaz xanlığı idi. Yeri gəlmişkən deyim ki, Qarabağ qədim türk dillərində “böyük” mənasını verən qara və “el”, “tayfa”, “soy” mənalarını verən bak sözlərindən yaranmışdır. Məlumdur ki, qədim kəngər –peçeneqlərin tərkibində qarabağ adlı tayfa da olub.
 
- Qarabağda hansı arxeoloji mədəniyyətlər var?
 
Daha öncə də, qeyd etdiyim kimi Qarabağ Azərbaycanın ən qədim insanlarının məskunlaşdığı ərazilərdəndir. Quruçay mədəniyyəti, Xocalı-Gədəbəy mədəniyyətlərinin abidələri ilk dəfə burada aşkar edilmişdir. Qarabağın bütün ərazisi tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələrlə zəngindir. Bu abidələr hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. paleolit dövrünə aid ən qədim abidələr Qarabağda aşkar edilərək tədqiq olunmuşdur. Bunlar bütün Avrasiyanın ən qədim abidələri sırasına daxil olan Azıx və Taqlar mağara düşərgələridir. 1960-cı ilin yay aylarında Azərabycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağda arxeoloji kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır. 1968-ci ildə aparılan tədqiqatlar zamanı Azıx  düşərgəsinin beşinci təbəqəsindən qədim insana məxsus alt çənə sümyü aşkar olunub. Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya Azıxantrop adıverilmişdir. Azıx mağarasının arxeoloji tədqiqi son dərəcə böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Azıxantropun kəşfinə qədər Azərbaycanın qədim insan məskəni olması qəbul edilmirdi. Azıxda aparılan tədqiqatların nəticəsində Azərbaycanın ilk insanların yarandığı ərazilərdən olması fikri sübut olunmuş oldu. Azıxantrop nəinki Azərbaycanın, Qafqazın ən qədim sakini olmuşdur. Alimlərimiz Azıx adamının həyat və fəaliyyətini araşdırarkən məlum olur ki, o, oddan istifadə etməyi, onu saxlamağı bacarmışdır. Azıx düşərgəsinin ən qədim dövr materialları Şərqi Afrikada Tanzaniyada aşkar olunmuş Olduvey mədəniyyəti ilə oxşardır. Xocalı-Gədəbəy mədəniyyəti abidələri ilk dəfə Qarabağda aşkar olunmuşdur. Bu mədəniyyətə aid abidələrin növləri, xarakterik xüsusiyyətləri, maddi mədəniyyət qalıqlarının zənginliyi hələ XIX əsrdən dünya alimlərinin diqqətini cəlb etmişdir. E.Resler, M.Xanıkov, F.Bayer, A. Berje və başqaları tapdıqları maddi mədəniyyət nümunələrini öz ölkələrinə aparmışlar. Erəmızdan əvvəl XVII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirlər, müxtəlif tipli kurqanlardan, siklop tikililərdən və s. ibarətdir. Ümumiyyətlə, Qarabağda olan tarixin müəyyən dövrlərinə aid İlanlıtəpə, Çalağantəpə, Bənövşələrtəpə, Şomulutəpə, Leylatəpə, Şahtəpə, Qaraköpəktəpə, Xantəpə, Kültəpə, Günəştəpə, Əhədtəpə, Şomulutəpə, Kəlbəhüseyintəpə, Üzərliktəpə, Borsunlu və s. abidələrin adlarını çəkmək olar.
 
- Uzun müddət Qarabağın bir hissəsi ermənilər tərəfindən işğal altında qalıb.
 
Ermənilərin məhv etdiyi maddi mədəniyyət nümunələri haqqında danışmaq istərdim.
Tarixi abidələr xalqın keçmişinə işıq tutan, onun yaddaşını həmişə təzə saxlayan, canlı arxivdirlər. Tarixi-dini abidələr isə xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Ermənilərin tarixi-dini abidələrimizəqarşı vandal təcavüzü müxtəlif istiqamətlərdə aparılır. Milli mənsubiyyəti və qədim
tarixi milli, dini ənənəni özündə ehtiva edən abidələr tamami ilə uçurdulmuşdur. Buabidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilir. İşğalaltındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılmasının şahidi olmuşuq və bu faktı Qərb ölkələrinin fotomüxbirləri də lentə alıb. Ermənilər tərəfindən dağıdılmış abidələrdən Şuşa şəhərində “Yuxarı Gövhər Ağa” məscidi , “Aşağı Gövhər Ağa” məscidi, “Saatlı məscidi”, Ağdam Cümə məscidinin adını çəkə bilərik, həmçinin Kəlbəcər rayonunda “Ağoğlan” məbədi, “Xudavəng” məbədi erməniləşdirilib. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Bu məscid iki minarəli və ikimərtəbəlidir. Memarı Kərbəlayi Səfixan Qarabaği olub. 1993-cü ildə Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məscid də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, üzərindəki yazıları pozulmuşdur.
Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidini xatırlamq lazımdır. Bu məscid Şuşa şəhərində tikilmiş ən qədim məsciddir. Məscid Pənahəli xan tərəfindən XVIII əsrin 50-ci illərində qamışdan tikilmiş, İbrahimxəlil xanın zamanında daşdan yenidən inşa olunmuşdur. XIX əsrin birinci yarısında Gövhər ağanın maddi dəstəyi ilə yararsız hala düşmüş məscidin yerində qoşa minarəli məscid inşa olunub. Birinci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki, məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri isə dağıdılmışdır.
 
- Kənan müəllim, apardığımız müşahidələr deməyə əsas verir ki, Azərbaycan geyimləri arasında Qarabağ geyimləri xüsusi yer tutur. Bu haqqında məlumat verməyinizi istərdik.
 
Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın geyim mədəniyyəti kompleksində Qarabağ bölgəsinin geyimlərinin özünəməxsus yeri var. Uzun müddət bölgə əhalisinin qadın, kişi, uşaq geyimlərinin tipoloji təsnifatı aparılmayıb. Onlar haqqında verilən məlumatlar cüzi, bəzən də təhrif edilmiş şəkildə olmuşdur. Amma son zamanlarda Qarabağın geyim mədəniyyətinin tam elmi-etnoqrafik təhlilini, təsvirini və şərhini vermək, tarixitəkamül və inkişaf mərhələlərində geyim dəstlərində baş vermiş keyfiyyət dəyişikliklərini izləmək, Qarabağ geyimlərinin şəksiz olaraq türk etnik-mədəni mühitində formalaşdığını sübuta yetirmək və bu geyimlərin xalqımızın milli müəyyənlik göstəricisi olduğunu faktlarla təsdiq edən bir sıra işlər görülmüş, kitablar yazılmışdır. Qarabağ uzun müddət erməni işğalında qalmış, 44 günlük müharibənin nəticəsində işğal olunmuş ərazilərimizin xeyli hissəsi azad olunmuş, yeni tədqiqatlar üçün alimlərimizin yolu açılıb.
 
 
 

Şərhlər