“Məni 3-4 saat döyüb dedilər ki, “Çingizi elə-belə adam bilirsən?!””

27.04.2022 12:55     Sosreaksiya     224

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, sonuncu məhkəmə iclasında zərərçəkən qismində tanınan sahibkar Elvar Əliyev sərbəst ifadə verib.

O deyib ki, Mövlam Şıxəliyevin göstərişi ilə həbs edilib. Sahibkarın sözlərinə görə, həbsinin sifarişçiləri özünü iş adamı kimi təqdim edən Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarov olub: “2013-cü ilin avqustunda barəmdə cinayət işi başlandı. Mənim və digər 5 nəfərin barəsində qanunsuz olaraq dəstə şəklində qaçaqmalçılıq ittihamı ilə cinayət işi açıldı. İttiham absurd idi. Deyirdilər ki, guya 1 konteyner malı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmişik. Halbuki həmin konteyner “İpək yolu” terminalının ərazisində olub. Həmin mal konkret olaraq mənə hər hansı bir formada aidiyyəti olmayıb. Məlumat üçün bildirirəm ki, ölkəyə gələn malların 99 faizi “İpək yolu” terminalına gedir, orada gömrük rəsmiləşdirilməsi aparılandan sonra mallar sahiblərinə təhvil verilir. Yəni biz istəsəydik belə, “İpək yolu” terminalında qaçaqmalçılıq edə bilməzdik”.

Elvar Əliyevin sözlərinə görə, Baş Prokurorluğun rəhbərliyinə dəfələrlə Çingiz Ağayevin və şərikinin sifarişi ilə həbsə alınması barədə rəsmi məlumat verib: “Bu gün Çingiz Ağayev və Yaşar Cabbarov da Mövlam Şıxəliyevin yanında oturmalıdır. Hər iki şəxs birbaşa Mövlam Şıxəliyevin dəstəyi altında idi. Bütün “Sədərək” bazarına onların vasitəsi ilə nəzarət edirdi. Sahibkarları soyurdular, özləri varlanırdılar. Mövlam Şıxəliyev və şərikləri cinayət yolu ilə külli miqdarda pul vəsaitləri əldə edib, qara yolla “Sədərək” bazarındakı valyuta alverçiləri ilə Dubaya, Çinə köçürürdülər. Çingiz Ağayev dəfələrlə mənə şəxsən bildirmişdi ki, baş vermiş hər bir cinayəti Mövlam Şıxəliyevin vasitəsilə yoluna qoymaq imkanındadır. Çingiz Ağayev kimdir? O, özünə iş adamı deyir. Mən 2006-cı ildən 2012-ci ilə qədər onun işçisi olmuşam. Çingiz Ağayev Çin və Dubaydan müxtəlif mallar gətirərək Azərbaycanda satırdı. 6 il ərzində onun ölkəyə gətirdiyi malları ticarətçilərə verib hesabatını aparmışam. Pulları yığaraq özünə vermişəm. Mənə 6 ilin qarşılığında 30 min manat təklif elədi. Bu ayda 420 manat əmək haqqı idi. Mən isə 6 il ərzində Çingiz Ağayevin ən azı 60 milyon manatlıq malını gömrükdə qəbul edib irili-xırdalı ticarətçilərə paylanmasını və pulların yığılmasını təşkil etmişdim. Etiraz edib onun yanından çıxdım, özümə obyekt açdım”.

Elvar Əliyev bildirib ki, Mövlam Şıxəliyevin pulları hesabına Çində “Arşa” markası ilə qazan və tava istehsal edən və “Ronddel” markalı keramik qablar istehsal edən daha bir fabrik də açıblar: “Bundan başqa Çində alışqan istehsal edən fabrik vardı. Alışqanı Dubayda, Moskvada və Azərbaycanda satdırırdılar. Məlumat üçün deyim ki, Çindəki fabrikdən Azərbaycana 1 konteyner ən ucuz alışqan daşıma, gömrük  xərcləri daxil 1 milyon 440 min manata satılırdı. Bu pulun da yarısı xalis gəlir idi. Belə alışqan dolu konteynerlər Azərbaycana yüzlərlə gəlib. Dubayda alışqanlarının satışından 1 il ərzində 17 milyon dollar pul gəlmişdi. Moskvada isə alışqan biznesi qat-qat artıq gəlir gətirirdi. Ən kobud hesablamalarıma görə ildə təkcə alışqan biznesindən 200 milyon dollar gəlir əldə edirdilər. Bu gün Azərbaycanda satılan telefon aksessuarları da bu adamların - faktiki olaraq Mövlam Şıxəliyevin nəzarətindədir. Bu biznes min faiz gəlir gətirir.

Çingiz Ağayev məni yenidən yanına fəhləliyə qaytarmağa çalışırdı. 3 ay sonra məni MTN-ə çağırdılar. Orda söyüb-döydülər. Mənə “sən Çingizi elə-belə adam bilirsən?!” dedilər. Deyirdilər sən yazmalısan ki, Çingiz Ağayevlə işləməyə davam edəcəksən. Onu yazmırsansa, qaçaqmal olan bir konteyner malın sənə aid olduğunu boynuna almalısan. Mən də dedim ki, “buradan meyitim çıxacaq, amma sizin heç bir tələbinizi yerinə yetirməyəcəyəm”. Məni 3-4 saat amansızcasına döydülər. Özümdən getdim. Səhər məni buraxdılar. İkinci dəfə çağıranda döyülməkdən qorxduğum üçün getmədim. Barəmdə axtarış verdilər. 3 ay gizləndim. Daha sonra MTN-ə aparıb işgəncə verdilər. 2 gün sonra məni Səbail Rayon Məhkəməsinə apardılar. Hakimə dedim ki, barəmdə həbs qətimkan tədbiri seçsəz, qanunsuz həbsimdə sizin də rolunuz olacaq. Həbsim üçün vəsatətlə Mövlam Şıxəliyev çıxış etdi, Baş prokurorun 1-ci müavini Rüstəm Usubov məhkəməyə təqdimat göndərdi”.

Zərərçəkmişin sözlərinə görə, həbsdə saxlanıldığı günlərdə Mövlam Şıxəliyev onu kabinetinə çağırıb: “Girən kimi mənə “necəsən, ağıllandın, Çingizin yanına qayıdırsan?” sualını verdi. Onlara heç vaxt qayıtmağayacağım cavabını verdim. Ondan sonra da dedi ki, 500 min manat ödəyərsən, azad edərik. Ardınca dedi ki, “ağıllanmayıb, aparın basın içəri”. Orada müstəntiq Fuad Məmmədov vardı. O insanlıq edib, məni kabinetinə çağırdı, gizli şəkildə dərman verməsəydi, bu gün şikəst olacaqdım. Çünki mən 2-ci qrup əlil idim, dərmanla yaşayırdım. Mövlam Şıxəliyev MTN-in İstintaq Təcridxanasını zindana çevirmişdi. Kimi istəyirdilərsə, ora aparıb, döyüb-söyürdülər, hətta öldürə də bilərdilər. 3 ay 10 gün sonra məni tez-tələsik buraxdılar. Çıxanda bildim ki, azad edilməyim üçün dostum Hacı Elman 80 min manat verib. MTN-çilər şərt qoydular ki, 1 maşın boş qutu tapıb gətirək. Bu onlara ona görə lazım idi ki, boş qutuları yandırsınlar, sənədləşmə aparsınlar ki, guya gətirdiyimiz mallar keyfiyyətsiz olub və yandırılaraq məhv edilib. Belə də etdilər”.

Bundan sonra təqsirləndirilən Mövlam Şıxəliyev Elvar Əliyevə müraciət edib: "Sən məni tanıyırsan? Kişiliyin olsun!"

Digər zərərçəkənlər Mövlam Şıxəliyevin bu sözlərinə sərt reaksiya veriblər: “Sən kişilikdən danışma”.

Proses 1 həftə sonraya təxirə salınıb.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Reaksiya.az

Şərhlər