Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

10.05.2022 18:47     Sosreaksiya     253

10 may 2022-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Reaksiya.az xəbər verir ki, tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Rauf Əliyev, Azər Badamov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan İş Mərkəzinin direktoru Nəsimi Məmmədovun daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə rəsmi görüş zamanı Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlərə dəvətə görə qubernatora təşəkkürünü bildirmişdir. Görüşdə Həştərxan vilayəti ilə qurulan iqtisadi-mədəni əlaqələrin inkişaf istiqamətləri və yeni imkanlar barədə müzakirələr də aparılmışdır.

Həmçinin nümayəndə heyətinə daxil olan Milli Məclisin deputatlarının Həştərxan vilayəti dumasının sədri İqor Martınovla görüşü baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikası və Həştərxan vilayətinin parlamentlər arası qarşılıqlı münasibətlərin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Sonra nümayəndə heyətinin üzvləri, Həştərxan vilayətinin rəhbərliyi, AMOR-un Həştərxan vilayəti üzvləri, diaspora nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan, abadlaşdırılan parka, burada salınmış uşaq əyləncə şəhərciyinə baxış keçirmişlər.

Faşizm üzərində qələbə çalınması uğrunda canlarından keçənlərin də xatirəsi yad edilmişdir.

Daha sonra Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 saylı orta məktəbdə Ümumilli Liderin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan Vilayəti Hökumətinin sədr müavini Denis Afanasyev, Həştərxan vilayəti təhsil və elm naziri Yeqor Uqarov, məktəbin direktoru Tatyana Tixomirova Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu,  əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi.

Tədbirdə təhsildə fərqlənən şagird və müəllimlərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Azərbaycan Biznes Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Həştərxan vilayəti üzvləri və diaspora nümayəndələri ilə baş tutan görüşlə davam etmişdir. Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr barədə danışılmış, xalqlar arasındakı sıx dostluq əlaqələrinin məhz bu diqqət və qayğının məntiqi nəticəsi olduğu vurğulanmışdır.

Reaksiya.az

Şərhlər