Vilyam Hacıyevin məhkəməsi: "7 min manat yardımın 6700 manatını baş mühasibə verdim"

16.05.2022 13:02     Sosreaksiya     223

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ifadə verməli olan şahidlərdən birinin məhkəməyə gəldiyi elan olunub.

Şahid Vüsal Niftiyev maddi yardım üçün ona İmişli rayon İcra Hakimiyyətindən 7 min manat pul ayrıldığını, həmin pulun 6700 manatının baş mühasib Cəmil Musayevə çatdığını deyib.

Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev onu dövlət tərəfindən verilən yardımı geri qaytardığı üçün qınayıb.

İclasda qeyd olunub ki, Daxili İşlər Nazirliyi (DİN) və prokurorluq orqanlarına müraciət olunmasına baxmayaraq, məhkəməyə məcburi gətirilmə qərarı verilmiş digər şahidlər prosesə gəlməyiblər.

Növbəti məhkəmə prosesi mayın 20-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(apa)

Reaksiya.az

Şərhlər