VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq

10.06.2022 13:03     Sosreaksiya     327

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın son addımlarını və siyasətini qətiyyətlə pisləyən bəyanat verib.

Reaksiya.az həmin bəyanatın mətnini təqdim edir:

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub.

Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN  fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla  səsləndirdiyinə inanmaq çətindir.  Rusiya xarici işlər naziri S.Lavrovun Ankarada Türkiyə diplomatiyasının lideri Mövlud Çavuşoğlu ilə qapalı görüşdən sonra “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsinin ardınca İrəvanda fərqli mövqe göstərməsi Kremlin ənənəvi “bulanıq suda balıq tutmaq” siyasətinin davamıdır.

Son vaxtlar rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə baş verən təxribatlar və Azərbaycanın suveren hüququna qarşı yönəlik hərəkətlər də bu siyasətin  tərkib hissəsidir. Kreml artıq qəbul etməlidir ki, tərəflər problemi özü həll etmək iqtidarındadır, delimitasiya və demarkasiya prosesi  yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünə açıq təhdiddir. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun.

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın son addımlarını və siyasətini qətiyyətlə pisləyərək bəyan edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlərə sadiqdir, amma dövlətimzin suverenliyinə qarşı istənilən addımın qətiyyətlə qarşısı alınacaq.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar