KAZİMİROV YENİDƏN "XORTLADI"... - Özünün və Kremlin “erməni sifətini” ifşa etdi

13.06.2022 12:33     Sosreaksiya     343

Rusiyalı sabiq həmsədr həyasızcasına Azərbaycana böhtan atır

Rusiya Prezidentinin Qarabağ üzrə sabiq nümayəndəsi, həmçinin “gorbagor olmuş” Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri Vladimir Kazimirov yenidən “xortlayaraq” Azərbaycanın ünvanına ittihamlar və böhtanlar səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına açıqlama verən sabiq həmsədr qətiyyən daşıdığı diplomat statusuna uyğun olmayan şər-böhtan, yalan və ittiham dolu açıqlamasında ölkəmizi az qala işğalçı kimi təqdim etməyə çalışıb.

O, deyib ki, “Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirə Azərbaycanın və Prezident İlham Əliyevin qınanması ilə başlamalıdır”.

Çünki guya məhz İ.Əliyev İkinci Qarabağ müharibəsinin başlanmasının əsas səbəbkarıdır...

Şərəf yoxsulu Kazimirov onun həmsədrliyi zamanında Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasının “daimi xarakter daşımalı olduğunu”, məhz Azərbaycan tərəfinin 30 ilə yaxın müddət keçəndən sonra bu razılaşmanı pozduğunu iddia edib. Ancaq bu zaman nədənsə ötən illər ərzində özündən razı Ermənistanın min dəfələrlə atəşkəsi pozduğunu, işğal olunmuş ərazilərimizi talan etməsini və oradan qətiyyən öz xoşu ilə çıxmaq istəmədiyini, “Qarabağ Ermənistandır” kimi təxribatçı şüarlarla çıxış etdiyini, danışıqları sonsuza qədər uzatmağa çalışdılğını və s. deməyi unudub.

Kazimirov gileylənib ki, Rusiya hakimiyyəti İkinci Qarbağ Müharibəsinin tənzimlənməsi məsələsinə onu da “təcrübəli diplomat” kimi dəvət etməyib.

Sabiq rusiyalı həmsədr həyasızcasına iddia edib ki, hər zaman Qarabağda atəşkəsi pozan əsasən Azərbaycan tərəfi olub, ermənilərsə bunu çox nadir hallarda ediblər. Hətta iddia edib ki, guya məhz Azərbaycan BMT-nin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair qətnamələrinin yerinə yetirilməsindən yayınıb. Hansı ki, hətta ermənilər belə bu cür absurd və həyasız iddialarla çox nadir hallarda çıxış edirlər...

Şərəfini erməni daşnaklarına satan, həyasızlıqda sərhəd tanımayan Kazimirov bu sayıqlamasında mərhum Heydər Əliyevin də ünvanına şər-böhtan söyləyib. İlham Əliyev barədə isə olduqca “yanıqlı” danışan sabiq həmsədr Azərbaycan Prezidentinin siyasətindən və ölkəmizin İkinci Qarabağ Müharibəsindəki qələbəsindən məyusluğunu gizlətməyib.

Sülh danışıqlarının perspektivinə pessimist yanaşan sabiq həmsədr deyib: “Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri qeyri-müəyyəndir. Pozitiv aspektlər çox deyil. Əvəzində neqativlər çoxdur və bunlar məhz Azərbaycandan qaynaqlanır”.

O, həmçinin Qarbağdakı ermənilərin “statusu” məsələsinə toxunub və onların fikirlərinin mütləq nəzərə alınmalı olduğunu söyləyib: “Qarabağdakı ermənilər Rusiyaya tarixi baxımdan daha çox bağldır, nəinki Ermənistandakı ermənilər”.

Ermənidən betər ermənilik edən Kazimirov bütün bu dediklərindən sonra utanmadan yenə də Rusiyanın vasitəçiliyinin Qərb ölkələri, Avropa İttifaqı ilə müqayisədə daha ədalətli və gərəkli olduğunu, rus “sülhməramlılarının” bölgədə varlığının böyük önəm kəsb etdiyini qeyd edib.

Əslində, məlum olduğu kimi, Rusiyada “çekistlər” kimi diplomatların da sabiqi olmur. Bu baxımdan Kazimirovun dedikləri Kremlin hazırkı Cənubi Qafqaz siyasətindən az fərqlənir və o, bu açıqlamaları ilə bir daha həm özünün, həm də Kremlin “erməni sifətini” açaraq ortaya qoymuş oldu.

Reaksiya.az

Şərhlər