Şəhid Anar Kazımovun dəfni: kədərli və qürurlu görüntülər!

04.08.2022 12:31     Sosreaksiya     87

Laçın rayonunda şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi başlayıb.

Vida mərasimi şəhidimizin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Qaracəmirli kəndindəki evində keçirilir.

"TV Musavat"ın əməkdaşı xəbər verir ki, şəhidimizi son mənzilə yola salmaq üçün onun yaxınları, dostları, hərbçi yoldaşları, rayon İcra Hakimiyyətinin rəsmiləri, bir sözlə, rayon ictimaiyyəti iştirak edir.

Şəhidimiz kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, Anar Kazımov 2004-cü il fevralın 16-da anadan olub. Ailədə üç övlad olan şəhidimizin bir qardaşı və bir bacısı var. Anar Kazımov bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Allah rəhmət eləsin!

Reaksiya.az

Şərhlər