Bakıda növbəti lift oyunu - 151 manatın güdazına gedən sakinlərin harayı

29.09.2015 20:22     Sosreaksiya     4501

Yaşadığımız Bakı şəhərinin sosial problemlərindən biri də Sövet dövründə tikilən binalarda liftlərin işləməməsidir. Ölkə başçısı İlham Əliyevin 2013-cü ildə paytaxtda binaların liftlərinin möhkəmləndirilməsi ilə bağlı 7 milyon vəsait ayırması da bu problemin həllinə müsbət təkan verməyib. Nəticədə isə şəhər sakinləri Bakı Lift Təmir İstehsalat Birliyi ilə ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliklərinin ötür-ötür oyunlarını kənardan seyr etməli olurlar.

Liftlərlə bağlı son şikayətlərdən biri də Reaksiya.az-a Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi 46, keçmiş 33A ünvanında bir bloklu 12 mərtəbəli binanın sakinlərindən gəlib. 1989-cu ildə Azərbaycanın şair və yazıçılarına verilən bu mənzillərin sahibləri binaya köçdükləri günə lənət oxuyurlar. Səbəb isə 10 ildir binanın liftinin işləməməsidir.

Nəzərinizə çatdıraq ki, binada yaşayan ziyalı insanlar indi ömürlərinin ahıl çağını yaşayırlar. Demək olar ki, hər birində ya peşəsinin çətinliyindən, ya da digər səbəblərdən qazandıqları müxtəlif xəstəliklər mövcuddur. Ayaqları tutulanı, gözünün nurunu itirəni, şəkərli diabet, ürək xəstəsi olanları var. Həmin xəstə insanların isə liftsiz yuxarı mərtəbələrə qalxıb düşməsi çox çətindir. Və bu səbəbdən də bina sakinlərinin bir neçəsi hazırda ev dustağına çevrilib.

Binanın sədri Tünzalə Mürsəlova bildirir ki, liftin dərdini demədiyi, qapısını döymədiyi ünvan qalmayıb. Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətində, icra başçısının, müavinlərinin qəbulunda olub, məsələ ilə bağlı icra başçısının özünə belə şəxsən məlumat verib. Bu ilin əvvəlində icra hakimiyyətindən bildiriblər ki, Liftlər idarəsinə məsələ ilə əlaqədar məktub göndərilib. Fevral ayının 15-də məktuba cavab olaraq Bakı Lift Təmir İstehsalat Birliyinin nümayəndəsi həmin binada olub, liftlərin vəziyyətinə baxış keçirib. Təəssüflər olsun ki, birliyin nümayəndəsi də o gedən gedib, sakinlərin lift dərdinin çarəsi yenə də tapılmayıb.

Reaksiya.az həmin binadan reportaj hazırlamaq üçün o ünvana yollandı. Binanın birinci mərtəbəsində qapıları aralı qalmış lift üzümüzə elə yazıq-yazıq baxırdı ki, sakinlərdən çox liftin halına acıdıq. Nə illah etsək də liftin qapılarını bağlaya bilmədik. Birinci mərtəbənin sakini Mənsimova Pakizə xanım söylədi ki, özümüzü çox yormayaq: “Ay bala, onsuz da qapılar bağlanan deyil, əziyyət çəkməyin. On ildir ki, bu liftin doğru-düzgün işlədiyini görməmişik, bir gün işləyib, beş gün dayanıb. Heç işləyəndə belə birinci mərtəbədə qapıları açılıb-bağlanmırdı, liftə minənlər də taxta parçasıynan liftin qapılarını açıb minirdilər”.

Tünzalə xanımla bərabər binanın yuxarı mərtəbələrinə qalxırıq. Gördüyümüz mənzərələrdən, sözün həqiqi mənasında, yuxarı qalxdığımıza peşman oluruq. Demək olar ki, hər mərtəbədə işdən evə qayıdan sakinlərlə rastlaşırıq. Əllərindəki zənbili zorla daşıyan, iki pilləkəndən bir təngnəfəs halda yuxarı qalxmağa çalışan ahıl ziyalıları görmək xoş olmayan mənzərədir. Ələviyyə İsmayılzadə, Nemət Veysəlli bidlirir ki, yaşadıqları mərtəbəyə qalxmaları yarım saatdan çox vaxt alır.

Yaşadığı doqquzuncu mərtəbəyə qalxarkən altıncı mərtəbədə halı pisləşmiş xanımla rastlaşanda deməyə söz tapmadıq. Azərbaycan Yazıçılar Birliyində çalışan Babayeva Tutuxanım qonşularının köməyi ilə birtəhər özünə gəldi. Bizi görər-görməz Liftlər idarəsindən olduğumuzu zənn edib kömək istədi: “Piyada qalxıb-düşməkdən ürək xəstəliyinə tutulmuşam, pilləkənləri qalxa bilmirəm, təngnəfəs oluram. Hər gün bu hala qalıram, qorxuram ki, qonşular xəbər tutmasa elə pilləkənlərdəcə həyatımla vidalaşam. Xahiş edirəm ki, bizə kömək edin”.

Altıncı mərtəbənin sakini Rəfiqə Nuray xanım da lift problemindən dad çəkir: “Həyatımı Azərbaycan kinosuna, mədəniyyətinə, incəsənətinə sərf edənlərdən, bu müstəqil dövlətin qurulmasında zəhməti olanlardan biriyəm. Qaranlıq dublyaj, montaj otaqlarında gözümün nuru getdi. İndi dörd divara və qara eynəyə möhtac qalmışam. Gözüm görmür ki, arada həyətə düşəm. Düzdür, anlayırıq ki, lift də dəmirdi və xarab olması da başa düşüləndir. Ancaq aidiyyati qurumların da bizi anlamasını tələb edirik. Liftin belə tez-tez dayanması həm səhhətimizə, həm də əsəb sistemimizə pis təsir edir”.

Altıncı mərtəbənin digər sakini Məzahir Mustafayev də qonşularının dediklərinə şərik çıxır: “Dəfələrlə öz maliyyə hesabımıza binanın liftini təmir etdirmişik, ancaq işləməsi elə də uzun çəkməyib. Liftimizin davamlı  şəkildə azı üç gün olsa belə işlədiyini görməmişik”.

Onuncu mərtəbənin sakini Nadir Ağasıyevlə də əlində zənbillər yuxarı qalxarkən qarşılaşırıq. O, liftin tez-tez dayanması səbəbinə də aydınlıq gətirir: “Binamızın hər mərtəbəsində 3 mənzil yerləşir və binada cəmi bir lift xidmət göstərir. Düşünürəm ki, binanın sakinlərinə görə bir xidməti liftin olması çox azdır. Qonşu binanın hər mərtəbəsində  iki mənzil yerləşdiyi halda iki xidməti lifti var”.

Binanın 12-ci mərtəbə sakini bildirir ki, bu yaxınlarda həyat yoldaşı Murad Camalov ard-arda neçə dəfə liftdə qalıb: “Həyat yoldaşım şəkər xəstəsidir. Neçə dəfələrlə liftdə qalıb, xəbər tutmamışıq. Neçə saatdan sonra vəziyyəti pisləşmiş halda zorla lifdən çıxarıblar. İndi lift işləsə belə qorxumuzdan liftə minmərik. Çünki həyatımızın təhlükədə olmadığına heç kim təminat vermir”.

12-ci mərtəbənin digər sakini Məmmədova Svetlana bizi görəndə göz yaşlarını saxlaya bilmir. Xəstə qadının səhhəti sözün əsl mənasında ürəkləri parçalayır. Ayaqları, qolları həddindən artıq şişmiş bu xanım da yatağa möhtac qaldığını, evdən bayıra çıxa bilmədiyini söyləyir: “Bu vəziyyətdə aşağı düşə bilmirəm, müayinəyə gedə bilmirəm. Liftimizin işləmədiyinə görə heç həkim də gəlmək istəmir çağırışımıza. Neçə il qabaq həyat yoldaşım şair Ramiz Əliyev qabağa düşərək bina sakinlərindən pul yığdı, min bir əziyyətlə lifti təmir etdirdi. Ancaq çox keçmədi ki, yenidən xarab oldu. Uzun illər Azərbaycan xalqına xidmət göstərmiş bu ziyalılara indi kömək göstərən tapılmır. Həyat yoldaşım ölkə başçımız İlham Əliyevə müraciət hazırlayıb və binanın bütün sakinləri həmin müraciəti imzalayıb. Ümid edirik ki, cənab prezident səsimizə səs verəcək”.

Bina sakinlərinin ümidsiz, çarəsiz, əlləri hər yerdən üzülmüş vəziyyətdə görmək vicdanımızı rahat qoymadı. Azərbaycanın ziyalı insanlarına ən azından lift xidmətində yardım göstərə bilməyi özümüzə bir vətəndaşlıq və insanlıq borcu kimi dəyərləndirdik.

Dərhal məsələ ilə bağlı aidiyyati qurumlarla əlaqə saxladıq. İlk müraciət etdiyimiz ünvan Bakı Lift Təmir İstehsalat Birliyi oldu. Telefon zəngimizi birliyin nümayəndəsi Nərmin Şirinli cavablandırdı. O bildirdi ki, yazıçı və şairlərin yaşadığı həmin bina onların balansındadır: “Məsələdən xəbərdarıq, lift istismar müddətini başa vurmayıb, ancaq təmirə ehtiyacı var. İndi liftin mühərriki yanıb sırıadan çıxıb. Bununla bağlı isə heç bir məsuliyyət daşımırıq. Liftin mühərrikinin yanması işıq idarəsinin günahıdır, naqillərdəki qısaqapanma vəziyyəti aradan qaldırılmadığından liftin mühərriki tez-tez yanır. Birliyimizin büdcəsində isə liftləri təmir etmək üçün vəsait yoxdur. Şəhərdə hər gün onlarla lift xarab olur, onların hər birini pulsuz düzəltməli olsaq, o zaman idarəmiz çökər. Liftin düzəlməsi üçün bina sakinləri 151 manat ödəməlidir. Vəsait ödənilən vaxtdan üç gün ərzində lift təmir edilib işlək vəziyyətə gətiriləcək”.

Nərmin xanımın nəzərinə ilk olaraq onu çatdıraq ki, sovet dövründə quraşdırılmış liftlərin istifadəyə yararlılıq müddəti 25 ildir. Yararlılıq müddətini başa vurmuş liftlər bütün yoxlama mərhələlərindən uğurla keçərsə, istifadə müddəti daha bir il uzadıla bilər. Həmin binanın 1989-cu ildə istifadəyə verildiyini nəzərə aldıqda isə buradan belə nəticə çıxır ki, artıq bir ildir həmin binanın lifti öz ömrünü başa vurub.

Binanın sədri Tünzalə xanım birliyə cavab olaraq vurğulayır ki, bina sakinləri dəfələrlə pul yığıb mühərriki təmir etdiriblər: “İndi də mühərriki öz vəsaitimiz hesabına düzəltdirməyə hazırıq. Ancaq liftin elektrik şiti yararsız vəziyyətdə olduğundan həm əziyyətimiz, həm də pulumuz boşuna gedəcək. Biz xahiş və tələb edirik ki, mühərriki düzəltməzdən əvvəl elektrik şiti təmir edilsin. Əgər lifti təmir etmək, yenisi ilə əvəzləmək müşkül məsələyə çevrilibsə, ən azından yük liftini istifadəyə versinlər”.

Elektrik şitinin təmir edilməsi məsələsinə aydınlıq gətirmək məqsədilə “Azərişıq”la əlaqə saxladıq.

Təəssüflər olsun ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC)  ilə  əlaqə saxlamaq istəyimiz elə də asan olmadı. "Azərişıq" ASC-nin Binəqədi Retsinin nömrələri saatlarla üzümüzə susdu. Mərkəzi ofisinin də telefonları heç də Binəqədi şöbəsindən geri qalmadı. Saatlarla  zəng etməyimizə baxmayaraq nömrələrə cavab verən olmadı.

Nəhayət, "Azərişıq" ASC-nin 199 Qaynar Xəttindən verilən nömrələrdən biri insafa gəlib zəngimizə cavab verdi. Dəstəyi qaldıran şəxs özünü növbətçi mühəndis Asəf Səmədov kimi təqdim edən şəxs bildirdi ki, həmin ünvanda qəzalı vəziyyət olması ilə bağlı Bakı Lift Təmir İstehsalat Birliyi onlara yazılı müraciət göndərməlidir. Və müraciətdən sonra "Azərişıq" ASC tərəfindən hadisə yerinə baxış keçirilərək məsələyə aydınlıq gətirmək olar.

Binəqədi Lift Xidmət İdarəsinin baş mühəndisi Sərvər müəllimlə əlaqə saxladıq. O bildirdi ki, məsələ barəsində məlumatlıdır: “Həmin binanın liftinin mühərriki yanıb. Bina MİS-in balansındadır o üzdən də sakinlərin şikayətlərinə həmin qurum baxmalıdır. Konkret olaraq isə liftdə olan nasazlığın aradan qaldırılmasına Lift-Təmir idarəsi cavabdehdir. MİS-in rəhbəri həmin idarəyə müraciət etməlidir. Binadakı ikinci yük lifti isə təzəlikcə təmir edilib işlək vəziyyətə gətirilmişdi. Görünür ki, yük lifti bilərəkdən söndürülüb. Bizim idarəmizin vəzifəsi xidmət göstərməkdir, lifti təmir etmək bizim işimiz deyil”.

Baş mühəndis əlavə etdi ki, onların işi xidmət göstərməkdir. Ancaq nədənsə yük liftinin kim tərəfindən və hansı səbəbə söndürüldüyündən isə xəbərsiz olduğunu vurğuladı. Sərvər müəllimə bina sakinləri tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq onun hələ də bir çox məsələlərdən xəbərsiz olması göstərir ki, bu qurum da öz işini lazımi şəkildə həyata keçirmir və ya keçirmək istəmir.

Binadakı liftin dəyişdirilməsinə, təmirinə cavabdeh olan Bakı Lift-Təmir İstehsalat Birliyinin məsələyə biganə yanaşacağı, liftin təmirindən boyun qaçıracağı və 151 manat məsələsini ortaya ataraq bu işdən boyun qaçıracağı əvvəlcədən bizə məlum idi. Çünki bu lift məsələsi Bakıda yaşanan ilk belə hadisə deyil və buna bənzər, hətta faciəylə nəticələnmiş kifayət sayda hadisələr baş verib.  Əfsuslar olsun ki, həmin hadisələrin hər birində  də  Bakı Lift-Təmir İstehsalat Birliyi öz soyuq davranışını sərgiləyib, hadisəyə laqeydcəsinə yanaşıb. Bircə dəfə olsun belə birliyin rəhbərliyi tərəfindən hansısa problemin dərhal həll olunmasına göstəriş verilməyib. Təəssüflər olsun ki, birliyin rəhbəri Qüdrət Şükürovun adı müəssisəyə rəhbərlik etdiyi müddətdə bir dəfə olsun belə sözün yaxşı mənasında çəkilməyib. Adı hər zaman maaliyyə qalmaqallarında hallanan cənab Qüdrət Şükürovun başı deyəsən ancaq öz şəxsi məsələlərinə qarışıb. Belə olmasaydı, liftsizlikdən haray çəkən və ömrünü Azərbaycan xalqının aydın sabahına həsr edən ziyalıların, mərhum Aydın Məmmədov, İsa İsmayılzadə, Eldar Baxış, Nadir Cabbarov, Aydın Səlimzadə kimi görkəmli şəxslərin varislərinin səsinə səs verərdi.

Reaksiya.az saytı olaraq bu məsələni bu yerdə bitirmək niyyətində deyilik. Bakı Lift-Təmir İstehsalat Birliyi başda olmaqla bütün aidiyyati qurumlara səslənirik ki, bu dəfə biz həmin binanın ziyalı sakinləri adından yenidən bütün lazımi mərhələləri həyata keçirəcəyik. Azərbaycanın ahıl ziyalı təbəqəsinin yaşadığı binadakı lift yenisi ilə əvəz edilməyənə və ya əsaslı şəkildə təmir edilməyəcəyinə qədər aidiyyati qurumların yaxasından əl çəkməyəcəyik.

Şərhlər