Rəsul Çunayev beynəlxalq reytinq cədvəlində birinci oldu

11.12.2015 15:09     Sport reaksiya     1988

Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni beynəlxalq reytinq siyasını açıqlayıb.

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 Azərbaycan idmançısının adı daxil edilib. Birinci Avropa Oyunlarının və Las-Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdəki liderliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir pəhləvan isə Saman Təhmasibidir (85 kq). O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti (130 kq) reytinq siyahısında mövqeyini 1 pillə yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz bu dəfə ilk dördlükdə qərarlaşıb.

Bundan başqa, daha 4 Azərbaycan təmsilçisi də ilk onluqda yer alıb. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

Şərhlər