“Neftçi”nin yeni baş məşqçisi serbiyalı ola bilər

23.12.2015 15:28     Sport reaksiya     2049

“Neftçi” klubunun baş məşqçi postuna gətirmək istədiyi mütəxəssisin adı bəlli olub.

Reaksiya.az Apasport.az-a istinadənxəbər verir ki, əcnəbi çalışdırıcıya güvənməkdə israrlı olan paytaxt təmsilçisi Serbiyaya üz tutub.

Klub rəhbərliyi bu ölkənin “Radniçki” klubunu və eyni zamanda U-23 yığmasının baş məşqçisi Milan Rastavaça “elçi” düşüb. 42 yaşlı mütəxəssis də ölkəmizə gəlməyin əleyhinə deyil. Çünki o, 2014-cü ildən çalışdırdığı klubu komandanı tərk edə biləcəyi barədə məlumatlandırıb.

Qərarını tezliklə açıqlamağı planlaşdıran Rastavaç artıq “Neftçi” rəhbərliyi ilə ilkin danışıqlar da aparıb. Telefon söhbətinin müsbət həll olunduğu bildirilir. Onun cəlbedici təklif qarşılığında verəcəyi yekun qərarı isə tək Azərbaycanın ən titullu klubu deyil, “Radniçki” də gözləyir. Çünki bu klub yanvarda İspaniyadakı təlim-məşq toplanışına kimin rəhbərliyi altında yollanacağına aydınlıq gətirməlidi.

Futbolçu karyerasında Yuqoslaviyanın U-16 millisinin şərəfini qoruyan Rastavaç “Voyvodina”, “Kabel”, “Dinamo” (Pançevo) və “Mladoost”da çıxış edib. Əvvəllər köməkçi məşqçi və aşağı yaş qruplarında çalışan mütəxəssis baş məşqçi kimi ötən il “Radniçki” ilə anlaşıb. Bu ilin dekabrından isə ölkəsinin U-23 yığmasının da “sükanı arxasına” keçib.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra baş məşqçi postu müvəqqəti Əsgər Abdullayevə tapşırılıb. Bu gün Müşahidə Şurasının iclasında bu məsələyə aydınlıq gətirilməlidi.

Şərhlər