Nazir ilin yekunlarına dair mətbuat konfransı keçirtdi

25.12.2015 12:28     Sport reaksiya     2075

Bu gün gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, A.Rəhimov bildirib ki, bu il ümumilikdə gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Bunlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub.

Onun sözlərinə görə, 17 nəfər yaradıcı gənc, habelə gənclərin 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülüblər: “Eyni zamanda, 26 yanvar 2015-ci il tarixdə Azərbaycan prezidenti tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” imzalanıb”.

Nazir əlavə edib ki, ölkədə 33 “Gənclər evi” fəaliyyət göstərir: “13 yanvar 2015-ci ildə prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində “Gənclər evi” istifadəyə verilib. Nazirliyin sifarişi ilə Bakının Qaradağ rayonunda da “Gənclər evi” inşa edilib. Binəqədidə, Tovuz rayonunda da tikinti işləri başa çatdırılıb. “Gənclər evi”nin 2016-cı ilin I rübündə istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il Gəncə və Şirvan şəhərlərində “Gənclər evi”nin tikintisi başa çatdırılacaq. Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək”.

A.Rəhimov qeyd edib ki, 2015-ci ildə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gəncə “Gənclər üçün Prezident Mükafatı” təqdim edilib.  

Nazir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında görülən işlər barəsində də məlumat verib: “Proqram əsasında Gənclər üçün Prezident mükafatı təsis olunub, Gənclər Fondu yaradılıb. Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi” inşa olunub. “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları, istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı yaradılıb. Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı təkliflər hazırlanıb”.

Şərhlər