Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək

30.01.2016 11:19     Sport reaksiya     1379

Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ikinci yarısına start veriləcək. 
 
“Reaksiya” "Report"-a istinadən xəbər verir ki, 40 günlük fasilədən sonra ilk qarşılaşmalar Gəncədə və Bakıda baş tutacaq.
"Nizami yurdu"nda "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Matç öncəsi meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev əməliyyat olunub. Bununla belə, 50 yaşlı mütəxəssis komandasının oyununda iş başında ola biləcək. "Kəpəz" qış fasiləsində heyətinə cəmi 1 futbolçu - Namik Ələsgərovu qatıb. Komandadan ayrılan oyunçulardan biri - Rəşad Eyyubov isə məhz "Qəbələ"yə keçib. Bu komandalar arasında ikinci dövrənin qarşılaşması da Gəncədə təşkil olunmalı idi. Amma həmin vaxt şəhər stadionunun əlverişsiz vəziyyətdə olması üzündən matç Qəbələdə baş tutub. Amma dumanlı havada oynamaq çətinləşdiyindən, görüş ertəsi günə təxirə salınıb. Beləliklə, iki günü əhatə edən qarşılaşma "Kəpəz"in qələbəsi ilə yekunlaşıb - 2:1.
 
Ümumiyyətlə, bugünədək komandalar ölkə çempionatında 10 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 4-ü "sülh"lə bitib. Qalan 6 qarşılaşmada əyalət təmsilçiləri eyni sayda qələbə əldə ediblər. "Qəbələ" hazırda 28 xalla turnir cədvəlində 4-cü, "Kəpəz" isə 26 xalla 5-ci pillədədir.
 
Günün son qarşılaşmasında isə "Neftçi" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Heyətini Səlahət Ağayev, Rasim Ramaldanov və Vaqif Cavadov kimi futbolçularla gücləndirən "gənclik şəhəri" təmsilçisi qələbə sayəsində xallarını 21-ə yüksəldəcək və qarabaqara izlədiyi AZAL-la xal fərqini minimuma endirəcək. Hazırda 24 xala malik "ağ-qaralar" isə evdə əldə olunacaq qələbə sayəsində 5-ci pilləyə qalxa bilərlər. Bunun üçün "Qəbələ" "Kəpəz"i məğlub etməlidir. Qış fasiləsində heç bir futbolçu transfer etməyən flaqmandan fərqli olaraq, "gənclik şəhəri" təmsilçisi heyətini 6 oyunçu ilə gücləndirib. Onların arasında Səlahət Ağayev, Rasim Ramaldanov və Vaqif Cavadov kimi milli üzvləri də var.
 
Komandalar bugünədək 14 dəfə üz-üzə gəlib. Bunların 9-da "Neftçi", 3-də isə "Sumqayıt" qələbəyə sevinib. Digər 2 oyunda isə bərabərlik qeydə alınıb. Hər iki oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası, XIX tur
 
30 yanvar
 
14:00. "Kəpəz" – "Qəbələ"
 
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov
 
AFFA nümayəndəsi: Namiq Məstanov
 
Hakim-inspektor: Rövşən Əhmədov
 
Gəncə şəhər stadionu
 
16:30. "Neftçi" – "Sumqayıt"
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
 
AFFA nümayəndəsi: Elbrus Abbasov
 
Hakim-inspektor: Şahin Cəfərov
 
"Bakcell Arena"

Şərhlər