Bakıda kral yarışı

14.02.2016 19:35     Sport reaksiya     1267

Bakıda "Formula-1" üzrə Dünya Çempionatının Avropa Qran-prisi mərhələsinin keçirilməsinə 4 ay qalıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıq işlərini davam etdirir, şəhərdə bir neçə yolda asfalt örtüyü dəyişdirilir. 
Gənclər və idman naziri Azad Rəhimov "R+"a müsahibəsində hazırlıq işləri və yarışın əhəmiyyəti, könüllülərin hazırlığı barədə danışıb. 
"Dünya idmanında "Formula-1" yarışları auditoriyasına görə 3-cü yerdədir. Yay Olimpiya Oyunları və futbol üzrə Dünya Çempionatından sonra ən çox izlənilən yarış "Formula-1" sayılır. Bakıda keçiriləcək Avropa Qran-prisi azarkeşlərə sürətli və həyəcanlı anlar yaşadacaq. Bu maraqlı yarışı izləmək üçün çoxlu sayda turistin paytaxtımıza gələcəyi gözlənilir. Bu yarışlar dünyanın hər nöqtəsinə canlı yayımlanacaq. "Formula-1" ölkə idmanında yeni səhifə açmaqla yanaşı, Azərbaycanın idman ölkəsi olmasını növbəti dəfə təsdiqləyəcək", - deyərək A.Rəhimov bildirib.
O, qeyd edib ki, minlərlə könüllü "Formula-1" yarışlarında yaxından iştirak edəcək: "Onlar böyük təcrübə qazanacaqlar. Bildiyiniz kimi, dünyada heç bir kütləvi yarış könüllülərsiz keçinmir. İlk Avropa Oyunlarında könüllülərin böyük dəstəyini hiss etdik. Əminəm ki, "Formula-1" yarışlarında da bizim könüllülər təşkilatçılara yaxından kömək olacaq. "Formula-1" yarışında könüllü olmaq, ümumdünya miqyaslı avtoidman yarışında yaxından iştirak etmək istəyənlər üçün əla fürsətdir". 
Artıq Könüllülər Proqramında iştirak etmək istəyən könüllülərin seçimi və təlimi prosesinin aparılacağı mərkəz istifadəyə verib. Bu mərkəz Formula 1 yarışının davam edəcəyi illərdə də fəaliyyət göstərəcək. 
Avropa Qran-prisinə, ümumilikdə, 5 min nəfər könüllü cəlb ediləcək. Ən uyğun namizədlərin seçilməsi üçün Könüllülər Mərkəzində hər gün yüzlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulub. İndiyədək 7 minə yaxın şəxs onlayn olaraq Könüllülər Proqramına qeydiyyatdan keçib. Seçim prosesindən uğurla keçən namizədlər yarış ərəfəsində qonaqların və yüksəkrütbəli rəsmilərin qarşılanması, tamaşaçı və media əməliyyatlarına dəstək və bunun kimi bir sıra digər zəruri rolları icra edəcəklər. 
Maraqlıdır ki, SIAR Araşdırma və Konsaltinq Şirkətinin 2015-ci ildə Azərbaycanda 1000 respondent arasında üz-üzə keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 70%-dən çoxu hesab edir ki, könüllülər, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində böyük rol oynayacaq bu möhtəşəm idman tədbirinin keçirilməsində əhəmiyyətli rola sahibdirlər. Bununla yanaşı, sorğuda iştirak edən paytaxt sakinlərinin yarısı bu yay Bakıda keçiriləcək "Formula-1" yarışında könüllü olmaq istəyir və onların əksəriyyətinin yaşı 34-dən azdır.
"R+"a açıqlama verən nazir "Formula-1" yarışının keçirilməsi üçün xərclənəcək vəsait barədə mediaya məlumat veriləcəyini dedi: "Formula-1" yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub, ikimərtəbəli bina tam hazır şəklə gətirilərək Azadlıq meydanında qurulacaq. Bu və digər işlərə xərclənəcək vəsait sonda mediaya açıqlanacaq. İndi dəqiq rəqəm söyləmək çətindir. Mətbuatda yayılan rəqəmlər həqiqəti əks etdirmir. Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir. Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti, təxminən, 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır".
Azad Rəhimovun sözlərinə əsasən hazırda əsas məqsəd şəhər sakinlərinə problem yaratmamaqla yolları "Formula-1"ə uyğunlaşdırmaqdır: "Formula-1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem, gecikmə yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqəli şəkildə aparılır, tıxaclar yaranmır. Həftənin elə günləri seçilir ki, sakinlərə problem yaradılmasın".
"Formula-1" yarışının Avropa Qran-prisinə onlayn bilet satışı 1 aydan artıqdır ki, davam edir. Bu müddət ərzində xarici auditoriya üçün nəzərdə tutulan biletlərin 65 faizi sahibini tapıb. Azad Rəhimov bildirdi ki, xarici ölkələr siyahısında ilk yerdə Rusiyadır. Şimal qonşumuzdan başqa "Formula-1" biletlərinə Qazaxıstan, İngiltərə, Hollandiya, İspaniya, Türkiyə və Kanada kimi ölkələrdən böyük maraq müşahidə olunur. Rəhimov vurğulayıb ki, Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir, ümumilikdə isə yarışı canlı olaraq 40 minədək tamaşaçı izləyə biləcək. 
Biletlərin qiymətləri isə yerlərinə və növlərinə görə dəyişir. Bir günlük və üc günlük biletlər var ki, bunların da ən ucuzu bir günlük ayaqüstü biletlər 29 manatdan başlayır. Yarış günü üçün isə ən bahalı bilətlər 700 manatdan yuxarıdır. 3 günlük biletlər "Formula-1" məşq sessiyalarına, təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək. 
Nazirin sözlərinə görə, hökumət layihədə fəal iştirak etmək və gənc pilotları dəstəkləmək fikrindədir. Nazir gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib. "Biz istəyirik ki, yarışlar Azərbaycan bayrağı altında keçirilsin, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin. Biz bu potensialı görürük. Müəyyən müddətdən sonra bizim ölkənin "Formula 1"in iştirakçısı olması maraqlı olardı", - deyə Azad Rəhimov vurğulayıb. 
2016-cı il "Formula-1" yarışının 17-18-19 iyunda keçirilməsi nəzərdə tutulub. Bakı şəhər halqasında pilotlar Azadlıq meydanından start götürərək Neftçilər prospekti, Dənizkənarı bulvar və Qız qalası ilə yanaşı, əsas mərkəzi hissələrdən keçməklə bir dövrədə 6 km məsafəni qət edəcək. Pilotlar Bakıda maksimum saatda 340 km sürətlə hərəkət edəcək. 
 
BU, MARAQLIDIR

"Formula-1" (FIA Formula One World Championship) - təkəri açıq avtomobillərdə dairəvi trass üzrə avtoyarışdır. 
"Formula-1" üzrə Dünya Çempionatı hər il keçirilir və bir neçə Qran-pridən ibarətdir. "Formula-1"də həm pilotlar ayrı-ayrılıqda, həm də komandalar mübarizə aparır.
İlk dəfə Dünya Çempionatı 1950-ci ildə keçirilib. 
Milli.Az

Şərhlər

Çox oxunanlar