Siyəzəndə idman gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

04.03.2016 16:09     Sport reaksiya     1232

Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 4 mart 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin Akt zalında 5 Mart “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonda müxtəlif idman növrləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri, veteran idmançı və məşqçilər, həmçinin İcra hakimiyyətinin nümayəndələri və media mənsubları iştirak edib. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov görüş iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi və bildirdi ki, 5 Mart tarixi təqvimimizdə “Bədən tərbiyəsi və İdman günü” kimi qeyd olunur. Belə ki, Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 2005-ci ildə verdiyi sərəncamla 5 mart Azərbyacanda Bədən tərbiyəsi və İdman günü elan edilib. Dövlətimiz tərəfindən idmanın inkişafının və idmançılara göstərilən qayğının başlıca məqsədi Azərbaycanda sağlam gəncliyin formalaşdırılması, ölkəmizin idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə daha da tanınmasıdır. Bu gün paytaxtımız da daxil olmaqla bölgələrimizdə müasir standartlara cavab verən 41 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi və idmanın inkişafına dair qəbul edilən dövlət proqramları yeniyetmələrə, gənclərə, eyni zamanda idmançılara göstərilən qayğının parlaq nümunəsidir. Daha sonra isə ötən dövr ərzində idman sahəsində qazanılan uğurları özündə əks etdirən hesabat məruzəsi ilə çıxış edib.

Rayon Uşaq-Gənclər və İdman Məktəbinin direktoru Yavuz Əliyev öz nitqində qeyd edib ki, rəhbərlik etdiyi təşkilat öz fəaliyyətini rayon Təhsil şöbəsi və Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş tədirlər planına uyğun olaraq qurur. Ötən müddət ərzində məktəbimizin bir sıra uğur və müvəffəqiyyətləri olub. Belə ki, yetirmələrimiz zona və respublika yarışlarında bir sıra uğurlara imza ataraq, qələbələr qazanıb.

Sərbəst güləş üzrə məşqçi-müəllim Cavanşir Ağayev çıxışında idmana və idmançılara göstərilən qayğıdan danışaraq bu sahədə görülən işlərin və maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatların ölkə idmanının beynəlxalq miqyasda uğurlarına yol açdığını qeyd edib.

Boks üzrə məşqçi-müəllim Şahin Kərimli isə ölkəmizin idman sahəsində beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açaraq, bildirib ki, Azərbaycan medalların sayına və əyarına görə dünyanın aparıcı idman dövlətləri sırasında rəqabət aparır. Ölkəmiz bir çox mötəbər beynəlxalq yarışları uğurla təşkil etmiş və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanıb.

Çıxışlardan sonra rayon idmanının inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim və idmançı mükafatlandırılmışdır. Belə ki, Oktay Əsədullayev, Ağamirzə Quliyev, Şahin Kərimli, Akif Mirzəyev, Alik Zeynəddinov, Abgül Məmmədov, Dəyanət Abdullayev, Ağabəy Aslanov, Sərvət Əlizadə və Vadim Baxşıyev fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. Sonda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tədbir iştirakçılarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb və bildirib ki, ölkə rəhbəri tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyatı qurumlar qarşısında xüsusi vəzifələr qoyulub. Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynamışdır. İdmançılar da onlara göstərilən diqqət və qayğını öz əməli işləri doğrultmalıdırlar.

Şərhlər

Çox oxunanlar