“Vəziyyətdən çıxmaq üçün yollar arayırıq” - Çingiz Abdullayev

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”dən aldıqları 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlәrin suallarını cavablandırıb.

- İlk yarıda rəqibdən üstün futbol sərgilədik. Gördüyünüz kimi, heyətimiz gənclərdən ibarətdi. Biz bu komandayla uğurlar da qazanmışıq. Çox sağ olsun SOCAR bu stadionu balansımıza keçirib. İlk dəfə böyük baza tikirik. Bu işləri davam etdirəcəyik. Təbii ki, nə oyun, nə də tutduğumuz yer bizi qane etmir. Fikirləşirik ki, bu vəziyyəti necə düzəltmək olar.

- Əsgər Abdullayevin istefasını qəbul edəcəksiniz?

- Baş məşqçi istefa versə də, mənə ərizə təqdim etməyib. Bu məsələyə baxacağıq. Müşahidə Şuramız qərar vermişdi ki, yanvardan etibarən komandanın “sükanı arxası”na əcnəbi mütəxəssis gətirilsin. Həqiqətən də danışıqlar aparırdıq. Amma məlum devalvasiya planlarımıza təsirini göstərdi. Üstəlik Mpenzaya 1 milyonluq təzmantla bağlı da qərar verildi. Bu pulu mütləq ödəməliyik. Bu da “Neftçi”nin büdcəsindən çıxarılan pullardı. Bu üzdən də Əsgər Abdullayevi postunda saxlamağı qərara aldıq. Əslində o, 2016-cı ilin əvvəlinədək bu vəzifəni tutmalı idi. Ondan xahiş etdik ki, işini davam etdirsin. Ancaq bu gün fikirləşirik ki, “Neftçi”ni yaxşı məşqçi çalışdırmalıdı. Həmin şəxsi axtarırıq.

- Əcnəbi mütəxəssis axtarışındasınız?

- Bu, mütləq deyil. Götürün Qurban Qurbanovu. Yerli olsa da, “Qarabağ”la qazandığı uğurlar göz qabağındadı. Əsgər müəllimə bizə kömək etdiyinə görə təşəkkürümü bildirirəm. Onun rəhbərliyi altında xeyli uğurlu nəticələrə imza atdıq. Amma yanvardan sonra keyfiyyət aşağı düşüb. Bu çətin vəziyyətdən çıxmaq üçün yollar arayırıq.

- Düşünürsünüz ki, uğursuzluğun səbəbi baş məşqçidi?

- Hər şeyi baş məşqçinin üstünə yıxmaq olmaz. Görünür başqa səhvlərə də yol verilib. Hər şeyi təhlil edəcəyik. Bəlkə də elə oyunçular var ki, “Neftçi”də oynamamlıdı. Elələri də ola bilər ki, çox yaxşı oynayırlar.

- İstefa ərizəsi qəbul olunsa, Əsgər müəllim Müşahidə Şurasındakı fəaliyyətini davam etdirəcək?

- Hələ ki, onun ərizəsi mənə çatmayıb və onun istefasını qəbul etməmişik. Məşqçi məsələsi elədi ki, bunu bir gündə həll etmək olmaz. Çox baş məşqçi dəyişmişik. Elə bir mütəxəssisi seçməliyik ki, 2-3 il komandanın başında olsun. Elə bir cığır açmalıyıq ki, onunla uğurlu qrafik cızaq. Çempionlar Liqasında oynamalıyıq. Gec-tez buna nailk olacağıq.

- Ölkə kuboku oyununa komandanı kim çıxaracaq?

- Hələlik baş məşqçimiz Əsgər Abdullayevdi. Onun məsələsi ilə bağlı təkbaşına qərar verə bilmərəm. Əgər istefa ərizəsi qəbul olunsa, idman direktorumuz var, məşqçilərimiz var, onlardan hansısa çıxara bilər.

- Sizdən əvvəlki rəhbərlik udanda da, uduzanda da mətbuatın qarşısına çıxırdı. Amma komandanız ardıcıl 3 oyun məğlub olsa da, KİV öneünə çıxmırdınız. Yalnız 4-cüq məğlubiyyətdən sonra burdasınız...

- Məgər mən rəhbərlik deyiləm. Hər oyundan sonra jurnalistlərin suallarını cavablandırıram. Bilirsiniz ki, “PEN-klub”un prezidentiyəm. Qurumumuzun da birinci şərti söz azadlığıdı. Hər zaman media mənsublarının suallarını cavablandırmağı hazıram. Açığı, təəccüblənirəm. Axı, həmişə mtəbuata açıq olmuşam. Udanda da, uduzanda da istər baş məşqçi, istərsə də rəhbərlik sualları cavablandırmalıdı. Amma hər oyundan sonra klub prezidenti danışmamalıdı axı. Başqa klublarda belə şeylər var? Baş məşqçi sualları cavablandıra bilər. Deyə bilərsiniz, hansı komandanın prezidenti hər oyundan sonra mətbuat önünə çıxır. Bəlkə heç onları oyunlarda da görmürsünüz. İnsafınız olsun.

- “Neftçi”nin bugünkü vəziyyətinə görə birinci utanmalı olan şəxs kimdi?

- Görünür, ilk növbədə mən. Yəqin ki, nəyisə tələb edə bilməmişəm. Nə olur olsun, “Neftçi” Azərbaycanın brendidi. Bu brendin səviyyəsini qaldırmalıyıq. Nəinki 7-ci, hətta 4-cü yer də bizi qane edə bilməz. Əgər məşqçi istefa verirsə, nəticələr qənaətbəxş deyilsə, deməli, rəhbərlik az günahkar deyil.

- İllərlə topladığınız imici futbolda xərcləyəcəyinizdən çəkinmirsiniz?

- İmicimi şadlıq evi tikməklə toplamamışam. Kitab yazmaqla, onları geniş kütləyə oxutmaqla bu imici qazanmışam. Kimsə mənə futbola görə hörmət etməyəcəksə, heç bəyənməsin. Gəlmişik ki, “Neftçi”ni qaldıraq və sonadək də bunun üzərində çalışacağıq. Qafqazda ilk klubuq ki, beynəlxalq audit firmasıyla müqavilə imzalamışıq. Qara qəpiyə kimi hər şeyi yoxlayırlar. İstəyirik ki, “Neftçi” hər kəsə nümunə olsun. Avropa klubu yaratmaq istəyirik.

- Yeni gəldikdə qeyd etmişdiniz ki, Bakı Olimpiya stadionunu istəyirsiniz. Amma heç “Bakcell Arena”nı yarıyacan doldura bilmirsiniz...

- İstəyirik ki, azarkeş sayı çox olsun. SOCAR-a müraciət etsək, minlərlə əməkdaşını tribunalara gətirə bilər. Amma bu şəkildə tamaşaçı sayını artırmaq istəmirik. Bakıda yeganə komandayıq ki, bilet satırıq. Peşəkar olmaq istəyirik. 10 il əvvələ qayıtsaq, “Xəzər Lənkəran”la qarşılaşmalarda tribunalar ağzına kimi dolurdu. Amma indi bir qədər fərqli vəziyyətdir. Bunun da səbəbi "Neftçi" deyil, Azərbaycandakı vəziyyətdir".

 

(Aznews.az) 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar