"Azərbaycan futbolunun idarəçiliyində böyük problemlər var" - Rəşad Sadıqovdan açıqlama - VİDEO

08.04.2016 13:11     Sport reaksiya     1117

Futbol üzrə milli komandamızın və "Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov AFFA-nın təşkil etdiyi B kateqoriyalı məşq kurslarında imtahan öncəsi ilk məşqini keçib.

"Xəzər" televiziyasının suallarını cavablandıran təcrübəli müdafiəçi bildirib ki, futbolçu olmaq məşqçiliklə müqayisədə daha asandır:

"Dəqiq onu deyə bilərəm ki, futbolda ən asanı futbolçuluqdur. Tək özün məsuliyyət daşıyırsan. Məşqçi hamıya görə məsuliyyət daşıyır. Balaca bir səhv nəticəyə təsir edəndə klub rəhbərliyi, yaxud federasiya qarşısında cavabdeh sənsən".

34 yaşlı kapitan məşqçi olub-olmayacağı barədə tam qərar vermədiyini söyləyib. O, futbol idarəçiliyimizlə bağlı da maraqlı açıqlamalar verib:

"Mən hələ qərar verməmişəm ki, məşqçi olacağam. Bizim futbolun idarəçiliyində böyük problemlər var. İdarəçilərimiz futbolun incəliklərini bilmirlər. Çox yaxşı olardı ki, komandanın əsas idarəçisinin həm futbolçuların, həm də məşqçilərin işindən başı çıxsın, incəlikləri bilsin".

Xatırladaq ki, Rəşad Sadıqov milli komandamızın heyətində 100-dən artıq oyun keçirmiş yeganə futbolçu kimi tarixə düşüb.

 

(Ölkə.az)

Şərhlər