“Erməni ilə Azərbaycan əsgərləri adından döyüşürdüm” - Müsahibə

20.04.2016 14:13     Sport reaksiya     1032

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçusu, dünya çempionu Cavid Çələbiyevin "Report"a müsahibə verib.
 

Reaksiya.info Report.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa Təsnifat Turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanaraq, olimpiadaya vəsiqə qazandınız. Yarış necə keçdi?

- Hər şey yaxşı oldu. Döyüşlərimin gedişi ilə tanışsınız. Qızıl medal və lisenziya qazandım. Ətraflı nə deyə bilərəm... 

- 2013-cü il dünya çempionatında qızıl medal qazandıqdan sonra hər kəs Cavid Çələbiyevin əvvəlki gücündə olmadığını düşünürdü. Hətta "Bakı 2015" I Avropa Oyunlarında da iştirak etməmişdiniz. Oyunlarda 56 kq çəki dərəcəsində özünüzün yox, Tayfur Əliyevin iştirakını necə qarşılamışdınız?

- Normal qarşılamışdım. Belə olmalı idi, oldu da. Düzü, çox danışa bilmirəm. Nə deyim? Əsas odur ki, lisenziyamızı qazandıq. Bundan sonra da hədəf "Rio-2016"da uğurla çıxış edib qızıl medal əldə etməkdir. İnanıram ki, olimpiya çempionu olaraq, bayrağımızı ucaldacağıq.

- Bəs nə baş vermişdi ki, sonrakı yarışlarda ciddi nəticə verə bilmirdiniz?

- O barədə heç nə deməyəcəyəm. Heç bir şey baş verməyib və hər şey qaydasındadır.

- Llisenziya xarakterli turnirə yollanmağınız Tayfur Əliyev üzərində qələbədən sonra dəqiqləşdi, yoxsa seçim öncədən edilmişdi? 

- Bu barədə heç nə bilmirəm. Hər kəs bu qələbəmi gördü, şahidi oldu. Hər şey göz qabağında oldu.

- AİBA-nın Peşəkar Boks yarışından da olimpiadaya lisenziya qazana bilərdiniz. Buna nə mane oldu?

- Həmin yarışda 5 döyüş keçirdim. 3-də qələbə qazandım, 2-də hakim haqsızlığından dolayı uduzdum. Bütün döyüşləri də ölkədən kənarda keçirmişəm. Hər döyüş 8 raund olur. Ən azı 6 raund keçirirdim. Bu döyüşlər gücümə güc qatdı. 3 raund vuruşmaq mənim üçün heç nədir. Ona görə də əlavə güc gəlirdi və lisenziya yarışlarında döyüşərkən, özümü daha rahat hiss edirdim. Çünki 6 - 8 round vuruşmuşam. Bu da Avropa Təsnifat Turnirindəki döyüşlərimdə mənə psixoloji üstünlük verirdi.

- Samsun turnirinin yarımfinalında Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşdınız. Ümumiyyətlə, onunla rinqə çıxmazdan öncə hansı hissləri keçirirdiniz?

- Bilirdim ki, erməni boksçu ilə vuruşacağam. Bu da mənim üçün əlavə məsuliyyət idi. Azərbaycan xalqı adından vuruşmaq məsuliyyətini hiss edirdim. Ona görə var gücümlə vuruşub, ona qalib gəlməli idim. Məqsədim də bu idi və istəyimə çatdım, qalib oldum.

- Həmin boksçunu vaxtından əvvəl nokautla məğlub etmək fikri olmadı?

- Əlbəttə, hər bir idmançıda belə bir hiss olur. Mən də bu hisslə, niyyətlə vuruşdum. Nəticədə də qalib gəldim və lisenziya qazandım.

- Döyüşdən sonra Siz əsgər salamı verdiniz. Bunu əvvəlcədən planlaşdırmışdınız?

- Erməni idmançı ilə döyüşə çıxanda cəbhədə baş verənlərdən xəbərdar idim. Bilirdim ki, şəhidlərimiz olub. Mən orada bütün Azərbaycan əsgəri, xalqı adından döyüşürdüm. Uduzmağı ağlıma belə gətirməzdim və gətirmirdim də. Yalnız qələbə üçün çıxmışdım. Sonda niyyətimə çatdım. Bu qələbəmi, döyüşümü xalqıma, şəhid olan və hazırda vətəni qoruyan əsgərlərimizə həsr etdim. 

- Erməni boksçu məğlubiyyətinə hakimlərin Sizə köməyi kimi don geyindirib...

- Ermənilər ömür boyu belə danışıblar. Onlar hər bir işdə belədirlər, qaldı ki, məğlub olsunlar. Uduzanda, əlbəttə, belə deməlidirlər.

- Yəni, məğlubiyyəti həzm edə bilmir...

- Bəli. Üstəlik, uduzan adam erməni ola, o, boynuna alar? Hər şey göz qabağında idi. Döyüşə bütün dünya baxırdı. Hamı gördü ki, erməni üzərində necə qələbə qazandıq.

- Əslən dağıstanlı komanda yoldaşın Abdulqadir Abdullayev də Ukraynanın təmsil edən erməni idmançısını məğlub edərək lisenziya qazandı. Onun qələbəsi ilə bağlı nə deyə bilərsən? 

- Bu, bütün Azərbaycanı sevindirən qələbədir. Hər bir idmançımızın erməni üzərində qələbə qazanması nəinki məni və ya məşqçiləri, bütün xalqı sevindirir. Bizim erməni üzərində qələbəmizdən dolayı bütün xalq necə qürurlanırsa, biz də komanda yoldaşımızın qələbəsindən elə qürur hissi keçiririk. 

Şərhlər