Bakı-2017: "Xəzərdən başlayan səyahət" Gəncəyə yetişdi

20.04.2017 13:30     Sport reaksiya     1459

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu ötən gün Gəncəyə yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Reaksiya.az xəbər verir ki, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar ötən gün səhər ilk olaraq Göygöl ətrafında tədbir keçirilib. Göygöl Azərbaycanın ən gözəl göllərindən biridir. Murovdağın ətəklərində yerləşən bu göl Göygöl Milli Parkının ərazisinə düşür. Burada bölgənin sub-alp ekosistemi qorunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq, Ağsu çayının qarşısını kəsib bu gölü yaradıb.

Su mərasimi, piano və skripka həvəskarı Aysu Salahova, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Bakıdan səyahətə başlayan səhəng mayın 12-də "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Gəncə şəhər Olimpiya İdman kompleksində daha bir möhtəşəm layihə - "Sport joys - Regional idman tədbiri" həyata keçirilib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva da iştirak edib. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu və Buta vokal ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

 

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov deyib: "İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əsas məqsədimiz tolerantlıq, həmrəylik və ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Belə bir tədbirin iştirakçısı olmaq çox qürurverici və xoş hissdir."

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı aprelin 21-də Şəmkir rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

 

Reaksiya.az

 

 

 

Şərhlər