Bakıda keçirilən Dünya Kubokunda yeni ulduzlar parlayacaq

28.04.2017 13:01     Sport reaksiya     1396

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda yeni ulduzlar parlayacaq.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai deyib.

O, Dünya Kubokunun favoritlərin adını çəkməkdə çətinlik çəkib: “Adətən, Rusiya rəqabətdən kənar olur, amma bu il onların qrup komandası olmayacaq. İtaliya, Ukrayna, Bolqarıstan, Belarus və əlbəttə ki, Azərbaycan özünü göstərə bilər. Fərdi gimnastlar arasında Rusiyadan Aleksandra Soldatova və Arina Averinanı göstərmək olar. Bakıya çoxlu gənc gimnast gəlib, bu isə o deməkdir ki, burada yeni ulduzlar parlaya bilər”.

O qeyd edib ki, ötən il səkkiz Dünya Kuboku mərhələsi keçirilib, amma Bakı Olimpiya oyunlarına lisenziya turniri keçirən dörd şəhərdən biri olub.

“Mən çox məmnunam ki, Bakı da Pezaro, Daşkənd və Sofiya ilə birgə bu siyahıya daxil olub. Bu, bizim üçün çox vacibdir. Bakı buna laqyiqdir. Burada təkcə təşkilatçılıq yox, həm də yarışların keçirilmə yeri möhtəşəmdir. Federasiyanın təşkilatçılıq səviyyəsi çox yüksəkdir”.

O, qaydalardakı dəyişiklikləri də alqışladığını deyib və yeni qaydaların hakimliyi mükəmməlləşdirəcəyini bildirib: “İndi hakimlər əvvəlcədən hazırlanmış hərəkətlər cədvəlindən asılı deyil. Bu həm də gimnastların da işini asanlaşdırır, çünki əvvəl yerinə yetirilməyən hərəkətə görə azaltma nəzərdə tutulurdu. İndi isə hakimlər birbaşa xalçada gördüklərini qiymətləndirir. Digər yaxşı cəhət odur ki, artistlik və çətinliyə görə verilən xallar ayrılıb. İndi texniki cəhətdən güclü olmayan, lakin yüksək artistiklə fərqlənən gimnastın da qələbə şansları yaranır”.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər. 

Reaksiya.az

Şərhlər