Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa komanda çempionatında sonuncu oyununu keçirəcək

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa komanda çempionatında sonuncu oyununu keçirəcək
Tarix: 06.11.2017 14:17
Oxunma sayı: 504
Mənbə: azərtac
Paylaş:

Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması finişə bir tur qalmış liderliyi ələ alıb.

Səkkizinci turda komandamız 3:1 hesablı qələbə ilə Rusiya yığmasına qalib gəlib. Xalları komandaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov qazandırıblar. Şəhriyar Məmmədyarov Aleksandr Qrişşuku, Teymur Rəcəbov Yan Nepomnyaşşini, Rauf Məmmədov isə Daniil Dubovu məğlub edib. Rusiyalılara yeganə xalı Maksim Matlakov Arkadi Naydiçə qalib gəlməklə qazandırıb.

Yekuna bir tur qalmış Azərbaycan 13 xalla liderliyi ələ alıb. Rusiya və Ukrayna komandaları bir xalla geri qalırlar.

Sonuncu - 9-cu turda liderlərin qrupunda Azərbaycan-Ukrayna və Almaniya-Rusiya qarşılaşmaları olacaq.

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçiriləcək.

Azərbaycanın qadın şahmatçıları da eyni hesabla Fransa yığmasına qalib gəliblər. Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva müvafiq olaraq Almira Skripçenko və Silviya Kollasdan daha güclü olublar. Günay Məmmədzadə Mari Sebaq, Gülnar Məmmədova isə Paulin Quişar ilə heç-heçə oynayıblar. Azərbaycanın qadın şahmatçıları 9 xalla İspaniya, İsrail, Niderland, Serbiya və Avstriya ilə bərabər 9-14-cü yerləri bölüşürlər.

Yekun turda qadın şahmatçılarımızın rəqibi Serbiya təmsilçiləri olacaq. Bu turda Günay Məmmədzadə Yovana Eriç, Zeynəb Məmmədyarova Mila Zarkoviç, Ülviyyə Fətəliyeva Teodora İnjaç və Gülnar Məmmədova isə Marina Qayçin ilə qarşılaşacaqlar.

Rusiyanın qadın şahmatçıları Aleksandra Kostenyuk, Yekaterina Laqno, Valentina Qunina, Olqa Girya və Aleksandra Qoryaçkina Kritdə keçirilən Avropa komanda çempionatının vaxtından əvvəl qalibi olublar.

Səkkizinci turda Rusiya yığması Türkiyə komandasına 4:0 hesabı ilə qalib gəlib.

Avropa komanda çempionatının sonuna bir tur qalmış Rusiya yığması 15 xalla turnir cədvəlində liderdir. Rusiyalılar onları təqib edən Gürcüstan və Polşa komandalarından 3 xal artıq toplayaraq turnirdə öz qələbələrini təmin ediblər.

Bununla Rusiyanın qadın yığması bu uğurla öz tarixində 5-ci dəfə nail olub.

Sonuncu turun oyunları bu gün keçiriləcək.

Reaksiya.az

Şərhlər