Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək
Tarix: 05.12.2017 17:30
Oxunma sayı: 381
Paylaş:

Dekabrın 5-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin sonuncu turuna start veriləcək.

Reaksiya.az xəbər verir ki, bu gün “A”, “B”, “C” və “D” qruplarında mübarizəyə yekun vurulacaq. “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə İtaliyanın “Roma” klubunun qonağı olacaq. Bu oyunun nəticəsi ilk dəfə qatıldığı turnirin “C” qrupunda 2 xalla sonuncu sırada qərarlaşan “Qarabağ” komandasının mövqeyinə təsir göstərməyəcək. “Roma” klubu isə qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Bu qrupun digər oyununda “Çelsi” komandası Londonda Madridin “Atletiko” klubunu qəbul edəcək. Londonlular səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər. İspaniya təmsilçisi isə qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Lakin onların qrupdan çıxması “Roma”nın “Qarabağ” ilə oyunda məğlub olması və ya heç-heçə etməsindən asılıdır. Buna isə ehtimal çox azdır. Bu tur “A” qrupunda hər birinin aktivində 9 xal olan “Bazel” (İsveçrə) və MOİK (Rusiya) komandaları üçün həlledici əhəmiyyət daşıyır. MOİK səkkizdəbir finala vəsiqəni təmin edən “Mançester Yunayted” klubunun qonağı olacaq. “Bazel” isə səfərdə qrupun autsayderi “Benfika” (Portuqaliya) ilə qarşılaşacaq. Günün ən maraqlı qarşılaşması “B” qrupunda yer alan “Bavariya” və “PSJ” komandaları arasında oynanılacaq. Parislilər 15 xalla qrupda birinci, münxenlilər 12 xalla ikinci sıradadırlar. Aktivində üç xalı olan “Seltik” (Şotlandiya) bütün görüşlərini məğlubiyyətlə başa vuran “Anderlext”i (Belçika) qəbul edəcək. “D” qrupunun lideri “Barselona” doğma arenada – “Nou Kamp”da Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələcək. İtaliyanın “Yuventus” klubu isə səfərdə Yunanıstanın “Olimpiakos” komandasının qonağı olacaq. Bu qrupda “Barselona”nın 11, “Yuventus”un 8, “Sportinq”in 7, “Olimpiakos”un isə 1 xalı var. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qrup mərhələsinə dekabrın 6-da yekun vurulacaq.

Reaksiya.az

Şərhlər