Ağdamın “Qarabağ” klubu üçün avrokubok həyəcanı başa çatıb

06.12.2017 17:58     Sport reaksiya     1406

Dekabrın 6-da Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə sonuncu oyununu keçirib.

Dekabrın 6-da Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə sonuncu oyununu keçirib. Reaksiya.az xəbər verir ki, Azərbaycan çempionu turnirin qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında “Roma” klubunun qonağı olub. Yetmiş iki min azarkeş tutumuna malik Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmanın birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Oyunun 14-cü dəqiqəsində "Roma"nın futbolçusu Kostas Manolasın güclü zərbəsini "Qarabağ"ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib. İlk hissəsinin sonunadək "Roma" futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, İbrahim Şehiçin möhtəşəm oyunu görüşdə hesabın açılmasına imkan verməyib. “Roma” futbolçuları ikinci hissəyə daha fəal başlayıblar. Görüşün 53-cü dəqiqəsində İtaliya təmsilçisi istəyinə nail olub. Dieqo Perotti İbrahim Şehiçin səhvindən yararlanaraq oyunda hesabı açıb. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçelin baş ilə zərbəsində bir az dəqiqlik çatmayıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər oyununda “Çelsi” Londonda Madridin “Atletiko” komandasını qəbul edir. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabında 11 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. Eyni xala malik “Roma” ikinci, “Atletiko Madrid” isə 7 xalla üçüncü olub. Aktivində 2 xal olan “Qarabağ” isə sonuncudur. "Çelsi" və "Roma" mübarizəni növbəti mərhələdə, "Atletiko Madrid" isə UEFA Avropa Liqasında davam etdirəcək. "Qarabağ" üçün isə avrokubok həyəcanı başa çatıb. Xatırladaq ki, “Qarabağ” əvvəlki oyunlarda “Çelsi”yə səfərdə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1). Komandamız beşinci turda Bakıda “Çelsi” ilə görüşdən 0:4 hesabı ilə məğlub ayrılıb.

Reaksiya.az

 

Şərhlər