Azərbaycan voleybolçuları dünya çempionatının C qrupunda oynayacaqlar

07.01.2018 16:16     Sport reaksiya     1820

Bu il sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyanın 6 şəhərində qadınlar arasında voleybol üzrə XVIII dünya çempionatı keçiriləcək. REAKSİYA xəbər verir ki, 24 milli yığma komandanın iştirakı ilə keçiriləcək bu turnirə Yaponiya 5-ci dəfə, o cümlədən son 12 ildə 3-cü dəfə ev sahibliyi edəcək. İlkin seçmə turnirdə iştirak etmək üçün 137 yığma komanda sifariş verib. Bu komandalar dünya birinciliyinin final turnirinə 22 vəsiqə uğrunda mübarizə aparıblar. Seçim 5 qitə konfederasiyası çərçivəsində həyata keçirilib. Final turnirinin püşkatma mərasimi 2017-ci il dekabrın 7-də Tokioda keçirilib. Yaponiyanın 6 şəhərində keçiriləcək yarışların baş mükafatı uğrunda dünyanın 24 ən yaxşı komandası mübarizə aparacaq. Azərbaycan komandası C qrupuna düşüb. Bu qrupda onun rəqibləri Trinidad və Tobaqo, Tailand, Rusiya, Cənubi Koreya və ABŞ yığmaları olacaq. Növbəti dövrəyə çıxmaq üçün ən azı dördlüyə düşmək zəruridir. Yaponiya təşkilatçı ölkənin komandası kimi, ABŞ əvvəlki çempionatın qalibi kimi dünya çempionatına vəsiqə alıb. Azərbaycan, Bolqarıstan, Almaniya, İtaliya, Niderland, Rusiya, Serbiya və Türkiyə yığmaları Avropa üzrə ixtisas yarışlarının yekunlarına görə, Qazaxıstan, Çin, Tailand və Cənubi Koreya yığmaları Asiya üzrə ixtisas yarışlarının yekunlarına görə, Dominikan Respublikası, Kanada, Kuba, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo yığmaları Şimali Amerika üzrə ixtisas yarışlarının yekunlarına görə, Argentina və Braziliya – Cənubi Amerika üzrə ixtisas yarışlarının yekunlarına görə, Kamerun və Keniya yığmaları Afrika üzrə ixtisas yarışlarının yekunlarına görə çempionatda iştirak edəcəklər. Reaksiya.az

Şərhlər